Ümumiyyətlə, udulmuş Na miqdarı torpağın ümumi udma tutumunun 5%-dən artıq olduqda, bu zaman torpağın aqrokimyəvi tərkibi pisləşir və qələvi mühit yaranır. Bu baxımdan qeyd olunan həddən artıq udulmuş və kənar ediləcək Na miqdarı, Na-0,05T ilə ifadə olunur və gips norması həmin artıq natriuma görə hesablanır. Burada h x d ifadəsi 1 hektar sahədə şum qatı üzrə mövcud olan torpağın çəkisidir. Torpağın gipslənməsi üçün, əsasən, üyüdülmüş halda təbii gips daşlarından (tərkibində 71-74% CaSO4 ) və fosfogipsdən (tərkibində 70-75% CaSO4 və 2-3% P2O5) istifadə olunur.
Maqneziumlu gübrələr. Hazırda əkinçilikdə ən çox tətbiq olunan maqneziumlu gübrələr sırasına maqnezium-sulfat (MgSO4*7H2O) və kalium-maqnezium sulfat duzları aid edilir. Maqnezium-sulfat gübrəsinin tərkibində 10% Mg var. Bu gübrə ağ toz şəkilli olmaqla, suda yaxşı həll olunur, şum altına verilir, həmçinin su ilə əlavə yemləmə şəklində və kökdən kənar yemləmə gübrəsi kimi istifadə olunur. Kalium-maqnezium sulfat gübrəsinin tərkibində 11-18% maqnezium və 26-32% kalium var. Bu gübrə də əsas və əlavə gübrələmə üçün tətbiq olunur. Hazırda fermer təsərrüfatlarında tərkibində NPK və Mg olan mürəkkəb kombinə edilmiş maqneziumlu maye gübrələr daha çox tətbiq edilir. Onlara misal olaraq N9 P10 K38+3 MgO, N11 P8 K34+Mg, N14 P7 K28+2 MgO, N16 P8 K32+2 MgO, N18 P18 K18 +3MgO+S, N12 P5K40+2 MgO qeyd etmək olar.
Dəmir bitkilər üçün az normada tələb olunsa da, çətin mənimsənilən elementlərdən hesab olunur. Bu baxımdan bitkilərin dəmirə olan tələbatını ödəmək üçün tərkibində dəmir olan maye gübrələrdən Fe EDDHA 6%, Fe EDTA 13% ən çox istifadə olunan gübrə hesab olunur.
2.2. Mürəkkəb mineral gübrələr
Mürəkkəb gübrələrə tərkibində bitkilərə mütləq lazım olan iki və ya üç qida maddəsi olan kimyəvi birləşmələr aid edilir.
Ammonium-hidrofosfat, qısa surətdə ammofos (NH4H2PO4 ) mürəkkəb gübrədir. Bu duzu əmələ gətirən ionlar (ammonium və fosfat ionları) bütün bitkilərə lazımdır və bütün torpaqlarda asanlıqla mənimsənilir. Ammofosda 11-12% N və təqribən 46-60% P2O5 var. Ammofosun çatışmazlığı ondan ibarətdir ki, onun tərkibində azot və fosforun nisbəti 1:4 və ya 1:5 təşkil edir. Bu nisbət gübrənin geniş şəkildə tətbiq imkanlarını məhdudlaşdırır. Çünki bitkilərin əksəriyyətinə vegetasiya dövründə fosfordan çox azot lazım olur.