Torpaqların kalium ilə təmin olunması onun torpaqda olan ümumi miqdarı ilə təyin olunmur. Çünki kalium birləşmələrinin çoxu torpaqda az və çətin mənimsənilə bilən haldadır. Əkinçilikdə ən çox tətbiq edilən kaliumlu gübrələrdən aşağıdakıları göstərmək olar: kalium-xlorid, kaliumsulfat, kalium duzu, kalium-maqnezium-sulfat, silvinit və kül.
Kalium-xlorid. Bu gübrənin tərkibində 52-60% asan həll olan kalium var. Ağ, yaxud boz rəngli xırda kristal duzdur (şəkil 2.3); asan yapıxır, torpağa tez qarışır, bitki tərəfindən asan istifadə olunan formadadır. Kalium-xlorid şoran (tərkibində ümumi həll olan duzların miqdarı çox olan) torpaqlar müstəsna olmaqla, bütün torpaqlarda istifadə edilə bilər. Bu gübrənin şoran torpaqlarda istifadəsi zamanı yaranan problemlər ondan ibarətdir ki, gübrədə olan Cl torpaqda olan Na ilə birləşib NaCl duzu əmələ gətirərək təkrar şorlaşma yaradır və bu da əksər kənd təsərrüfatı bitkilərinin inkişafına mənfi təsir göstərir.
Kalium-sulfat - kristal duzdur (şəkil 2.4), tərkibində 50%-ə qədər asan həll olan kalium var. Əksər kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı kalium gübrəsidir. Onu bütün torpaqlara vermək olar. Əlavə yemləmə üçün ən yaxşı gübrədir. Kalium-sulfatın tərkibində xlor olmadığına görə bitkilərə yaxşı təsir göstərir.
Kalium duzu - Bu duz kalium-xlorid ilə xırda üyüdülmüş silvinitin (tərkibində kalium olan süxur-külçə) qarışığından alınır. Bu qarışıqda kalium-oksidinin miqdarı 41-44%-ə bərabərdir. 40%-li kalium duzu bütün bitkilər üçün yaxşı kalium gübrəsi hesab olunur. Bu gübrə zəif kül rəngli, xırda kristal duz olub, hiqrosqopikdir, suda yaxşı həll olunur.
Kalium-maqnezium-sulfat - kristal, hiqroskopik, yapışmayan duzdur. Tərkibində 20-21% kalium və 16-18% maqnezium var. Bütün torpaqlarda, xüsusilə maqnezium çatışmayan torpaqlarda tətbiq edilir.
Kül - burada kalium K2CO3 duzu şəklində olur. Kaliumun bu forması bütün bitkilər üçün əlverişlidir. Ona görə də şum altına və ya səpinlə birgə (şəkil 2.5) torpağa külün verilməsi olduqca əhəmiyyətlidir. Çünki külün kaliumu bitkilər tərəfindən daha asan mənimsənilir.
Günəbaxan külündə kalium daha çoxdur. Üzüm bitkisinin külündə kalium 30%, fosfor 11%-dir. Ot bitkilərinin külündə olan kalium, ağac bitkilərinin külündəkindən artıqdır. Küldə kaliuma nisbətən fosfor az olur, ancaq bu fosfor presipitatda və tomasşlakda olan fosfora nisbətən bitki tərəfindən yaxşı istifadə edilir.
Küldə əhəng ilə potaş (K2CO3) bir yerdə olduğuna görə potaşın torpaq strukturunu pisləşdirmək qorxusu yoxdur.