Ammonium sulfatın tərkibində 20,5-21 % azot var. Xarici görünüşünə görə bu gübrə ağ, bəzən bozumtul kristallik toz şəklində olur (şəkil 2.1). Bu gübrə qələvili və neytral torpaqlarda tətbiq olunur. Ammonium-sulfat suda yaxşı həll olur, hiqroskopikdir (havanın rütubətini udması). Turş reaksiyalı olduğu üçün onu turş mühitli torpaqlar müstəsna olmaqla, bütün torpaqlarda, xüsusilə karbonatlı torpaqlarda tətbiq etmək lazımdır. Ammonium-sulfatı neytrallaşdırmaq (pH 6-7) üçün onun hər sentnerinə bir sentner əhəng (CaCo3) qarışdırmaq lazımdır.
Sidik cövhəri (karbamid) - sintetik olduqda tərkibində 46% azot var. Yüksək konsentrasiyalı, ağ kristal maddədir. Torpağa başqa gübrələrlə qarışdırılıb verilir. Tək verdikdə isə qumla qarışdırmaq lazımdır. Torpaqdan çətinliklə yuyulur, ilin istənilən fəslində bütün torpaqlara verilə bilər. Əlavə yemləmə şəklində verildikdə daha faydalıdır.
Sintetik yolla karbamid almaq üçün xammal kimi qaz, yaxud maye halında olan ammonyak, eləcə də karbon qazı hesab olunur. Təsirliliyinə görə ammoniumşorasından geri qalmır.
Ammonyaklı su - ammonyakın 20-25%-li sulu məhluludur. Rəngsiz, yaxud sarıya çalan kəskin naşatır spirti iyi verən mayedir. Xüsusi traktor çiləyiciləri ilə çizelləmə, yaxud kultivasiya qabağı verilir. Bu gübrə ilə işlədikdə təhlükəsizlik qaydalarına əməl etmək məqsədilə əleyhqaz geyilməlidir.
2.1.2. Fosforlu gübrələr
İstehsal həcminə və təsərrüfatda tətbiqinə görə sənaye gübrələri içərisində fosfor gübrələri birinci yeri tutur. Torpaqdakı azot ehtiyatı qismən mikroorqanizmlərin vasitəsilə havadan mənimsənilən azot hesabına təmin olunursa, fosfor ehtiyatının təmin edilməsi üçün mineral gübrə şəklində torpağa verilən fosfordan başqa mənbə yoxdur. Fosforlu gübrələrdən ən geniş tətbiq edilənləri aşağıdakılardır: superfosfat, ikiqat superfosfat, fosforit unu və tomasşlak.
Adi superfosfat - turş reaksiyalı, bir qədər həll olur (çöküntü qalır) və tez təsir edən gübrədir, tərkibində 14-20% fosfor turşusu var. Bütün torpaqlarda, o cümlədən əhəngli torpaqlarda asanlıqla tətbiq edilir. Superfosfat toz və dənəvərləşmiş şəkildə buraxılır (şəkil 2.2). Karbonatlı torpaqlarda həll oluna bilməyən şəkilə çevrildiyinə görə həmin torpaqlara superfosfatı yazda vermək lazımdır.