Məsələn, pomidor bitkisində bor çatışmazlığının əsas əlamətləri yarpaqların uc hissəsinin qıvrılması, meyvənin saplaq hissəsində qonur yaraların əmələ gəlməsi ilə səciyyələnir (şəkil 1.8). Bor elementi ilə normal qidalanmayan bitkinin cavan yarpaqlarında xloroz xəstəliyi əmələ gəlir. Borun çatışmazlığından oduncağın ötürücü boruları zədələnir, karbohidratlar yarpaqlarda ləngiyir və assimilyasiyanın ritmi azalır, maddələr mübadiləsi zəifləyir, bəzən tamamilə dayanır. Hüceyrələr düzgün forma almır və onların ölçüsü dəyişir.
Çiçəkləmə və mayalanma prosesinin normal gedişində borun rolu böyükdür. Bor normal olduqda erkəkcikdə toz kisəciyi tez partlayır. Borun kəskin çatışmazlığı zamanı meyvələr xırda olur.
Qumlu və qumsal torpaqlarda bor azlığı tez nəzərə çarpır, ağır-gilli və gillicə torpaqlar bor mikroelementi ilə zəngindir.
Sink. Bu element bir sıra elementlərin tərkibinə daxildir, bitkidə oksidləşdiricireduksiyaedici proseslərə, xlorofilə və boy maddələrinə (auksinə) təsir göstərir. Sink bitkidə mayalanma prosesi və rüşeymin inkişafı üçün lazımdır.
Sinkin təsiri ilə bitkidə çiçək və yumurtalıqların tökülməsi azalır, məhsuldarlıq artır və məhsulun keyfiyyəti yaxşılaşır. Sink çatışmazlığından bitkidə yarpaqlar normal iriliyə çatmır və buğumarası məsafə qısalır. Yarpaqlarda xlorozun əlamətini göstərən və başqa qonur ləkələr əmələ gəlir (şəkil 1.9). Sink elementi turş və yarımsəhra torpaqlarda azdır. Bu elementlə normal qidalanmayan bitkilər şaxtaya davamsız olur və bəzi xəstəliklərə tutulur.
Manqan. Bu element dəmir kimi xlorofilin əmələ gəlməsində və fotosintezin güclənməsində iştirak edir.
Manqan oksidləşdirici fermentlərin fəallığını artırır (katalaza, peroksizada, polifenoloksidaza). Manqan çatışmadıqda yarpaqlarda xloroz (yun. chloros - açıq yaşıl mənasını verir) xəstəliyi əmələ gəlir, onların turqor vəziyyəti itir və məhsul azalır. Göstərilən hallar bitkinin cavan orqanlarında daha tez-tez baş verir.