Bəzi şoran torpaqlarda (sulfatlı) bitkilərdə kükürdün miqdarı çox toplanır və nəticədə bitkilər ya zəif inkişaf edir və yaxud məhv olur. Onun bitkilər üçün bu qədər böyük əhəmiyyəti olduğuna baxmayaraq, hazırda kükürd elementi bir gübrə kimi ayrılıqda tətbiq edilmir.
1.2.2. Mikroelementlər
Bitkilərin həyatında mikroelementlərin böyük rolu var. Mikroelementlər fermentlərin, vitaminlərin, hormonların tərkibinə daxildir və orqanizmdə bir sıra mübadilə reaksiyalarının gedişində iştirak edir. Mikro-gübrələrin hamısı fizioloji fəallığa malikdir. Onların yüksək dozası zəhərləyici təsirlidir. Mikroelementlərin əsas rolu orqanizmdə müxtəlif biokimyəvi və fizioloji proseslərin sürətini artırmaqdan ibarətdir.
Məlumdur ki, manqan, dəmir, kobalt, mis, sink və bor tərkibində üzvi birləşmələr olan davamlı komplekslər yaradır.
Mikroelementlər bitkiyə kation və anionların daxil olmasına təsir edir. Təcrübələrlə müəyyən olunmuşdur ki, bor, molibden, manqan bitkinin orqanlarında kalium, kalsium və azotun miqdarını nizamlayır. Torpaqda və bitkidə mikroelementlərin miqdarı makroelementlərdən yüz və min dəfələrlə azdır.
Bor. Mikroelementlər içərisində bor xüsusi yer tutur. Bitkiyə bor onun bütün həyatı boyu lazımdır. Bor sözü latınca boraks sözündən götürülmüşdür və "bura" mənasını daşıyır. Bor kristalı möhkəmlik etibarilə almaza bərabərdir, sənayedə və təbabətdə geniş istifadə olunur;
Torpaqda olan borun 10%-i suda həll olunan formadadır. Akademik Y.V.Peyve belə hesab edir ki, suda həll olan borun miqdarı hər 1 kq torpaqda 0,6 mq olarsa, bu, normal hesab edilir. Belə güman edilir ki, nuklein turşularının mübadiləsində borun təsir mexanizmi ondan ibarətdir ki, bor xüsusi auksin maddəsinin sintezinə müsbət təsir göstərir.
Bitkinin boy nöqtələrinə şəkərlərin axmasını nizamlayır. Müəyyən olunmuşdur ki, borla birləşmiş şəkər təmiz şəkərə nisbətən sürətlə hərəkət edir.
Bitkidə bor çatışmadıqda onda vitaminlərin miqdarı azalır (tiamin, askorbin turşusu və riboflavin). Borun azlığından kök sistemi zəifləyir, yerüstü hissədə zoğun uc hissəsi böyümədən dayanır. Yuxarı yarpaqlar qıvrılıb formasını itirir, bitkinin boy nöqtəsi quruyur, çiçəklər tökülür.