Məsələn, pomidor bitkisində kalsium çatışmadıqda meyvələr xırda olur, meyvələrin uc hissəsində əvvəlcə qəhvəyi-qonur ləkələr əmələ gəlir və meyvənin təpə çürüməsi ilə nəticələnir(şəkil 1.5).
Maqnezium. Bu elementin bitkilər üçün əvəzedilməz rolu ondan ibarətdir ki, o, fotosintez prosesinin davamı üçün lazım olan maddəninxlorofilin tərkibinə daxildir. Maqnezium ən çox bitki toxumalarında toplanan fitin maddəsinin tərkibində olur, bitkidə fosforun çevrilməsində (yağ və karbohidratlar əmələ kələn zaman) iştirak edir.
Maqnezium bitkidə karbohidratların, habelə mayenin əmələ gəlməsinə müsbət təsir göstərir. Maqnezium fermentlər kompleksində iştirak edir ki, bununla da qıcqırma və tənəffüs zamanı karbohidratların parçalanması sürətlənir, nuklein turşusunun sintezi intensiv gedir.
Amin turşularının zülal molekulu ilə birləşməsində maqneziumun əhəmiyyəti böyükdür. Maqnezium protoplazmanın fiziki-kimyəvi vəziyyətinə təsir göstərir. Bu elementin çatışmazlığından yarpaqda damarlararası məsafə solğunlaşır,saralır, lakin damarlar boyu yaşıl rəng qalır. Son vaxtlaradək maqnezium gübrəsinin tətbiqinə əhəmiyyət verilmirdi. Lakin sübut edilmişdir ki, azot, fosfor və kalium fonunda maqnezium gübrələrinin (maqnezium-sulfat, kalium-maqnezium, kainit və s.) bitkilərə verilməsi məhsuldarlığı artırır.
Dəmir. Bitkilərin dəmir elementinə ehtiyacı çox cüzidir. Beləliklə, o, makroelementlərlə mikroelementlərin arasında aralıq bir yer tutur. Dəmir çatışmadıqda bitkilərdə xüsusi xəstəlik-xloroz əmələ gəlir. Bu zaman bitkilər yaşıllığını itirərək, yarpaqlar açıq sarı, ağımtıl rəng alır və fotosintez prosesi zəif getdiyindən bitkilərin böyüməsi və inkişafı ləngiyir. Dəmir bilavasitə özü xlorofilin tərkibinə daxil olmasa da, onun əmələ gəlməsində iştirak edir. Dəmir çatışmazlığı ən çox karbonatlı torpaqlarda müşahidə olunur.
Kükürd. Kükürd də zülalların tərkibinə daxildir. Bununla da kükürd elementinin bitkilərin inkişafındakı əvəzedilməz rolu aydın olur. O, tənəffüs prosesinin normal getməsinə şərait yaradır. Ətraf mühitdən kükürd bitki tərəfindən kükürd turşusunun anionu kimi qəbul olunur. Bir sıra kükürd birləşmələri oksidləşdirici-reduksiyaedici proseslərdə iştirak edir.