Başqa elementlərlə normal qidalanmaqla fosfor vegetasiya fazalarının başlanğıcını sürətləndirir, ümumilikdə isə vegetasiya müddətini qısaldır. Vitaminlər fosfor turşusu ilə birləşərək onların bitkidə karbohidratlar mübadiləsində iştirakı fəallaşır. B1 vitamini fosfor turşusu ilə birləşərək kokarboksilaza fermenti əmələ gətirir və həmin ferment bir sıra proseslərdə fəal iştirak edir. Torpaqda azota nisbətən fosforun miqdarı azdır və çətin mənimsənilən formada olur. Ona görə bitkilərin fosfora olan tələbatı, əsasən, mineral gübrələrin hesabına ödənilir. Fosfor çatışmazlığı azotlu gübrələrin mənimsənilməsini pisləşdirir.
Fosfor çatışmadıqda bitkinin böyüməsi və inkişafı ləngiyir, bitkilər gec çiçəkləyir. Çiçək və meyvədə fosfor çatışmadıqda meyvələr yaxşı böyümür, içi boşalır, meyvədə toxum əmələ gəlmir, məhsuldarlıq aşağı düşür. Fosfor çatışmazlığı zoğların, yarpaqların zəif böyüməsinə səbəb olur, kök sistemi zəif inkişaf edir, bar orqanları tökülür. Məsələn, pomidor bitkisində fosfor çatışmadıqda əvvəlcə yaşıl yarpaqların alt hissəsində antosian adlanan maddə toplanır, bu da yarpaq damarlarına bənövşəyi çalar verir (şəkil 1.3). Yarpaqlar vaxtından əvvəl tökülür və yarpaqların kənarlarından içəriyə doğru qıvrılması müşahidə olunur (şəkil 1.3).
Şəkil 1.3. Pomidor bitkisində fosfor çatışmazlığının əlamətləri
Kalium. Bitkilər üçün kalium əsas qida elementi hesab olunur. Bu element bitkilərin ən çox cavan orqanlarında toplanır. Kaliumdan fərqli olaraq, kalsium bitkinin qoca orqanlarında toplanır. Kalium qoca yarpaqlardan cavan yarpaqlara axaraq asanlıqla onlara daxil olur, deməli, təkrar istifadə olunur. Kaliumun çatışmazlığı ilk növbədə yuxarı - çavan yarpaqlarda özünü göstərir. O, bitkidə, əsasən, ion formada, müəyyən miqdarda isə hüceyrə şirəsində həll olan duzlar şəklində və adsorbsiya olunmuş vəziyyətdə hüceyrənin struktur elementləri arasında mövcuddur.
Kalium xlorofilin tərkibinə daxil olmasa da, onun çatışmazlığı fotosintezin intensivliyini azaldır.