Azot çatışmadıqda bitkidə zülalların sintezi dayanır, vegetativ orqanlarda böyümə ləngiyir. Bitkidə azot çatışmazlığının və ya artıqlığının ən asan nişanəsi vegetativ orqanların, xüsusilə də yarpaqların rəngi ilə müəyyən olunur. Belə ki, azot çatışmazlığını yarpaqların açıq yaşıl rəng alması ilə, azotun artıqlığını isə yarpaqların tünd yaşıl rəngdə olması ilə bilmək olur (şəkil 1.2). Azotun normadan artıq olması (xüsusən
fosfor və kalium çatışmadıqda) vegetativ orqanların güclü böyüməsinə səbəb olur. Toxumalar zərif və seyrək olur, onların xəstəliklərə və aşağı temperatura davamlılığı azalır. Azotun artıqlığı məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Bitkilərdə maddələr mübadiləsini nizamlayan fermentlərin sintez olunması da bilavasitə azotla əlaqədardır.
Atmosfer havasında 78% azotun olmasına baxmayaraq, bitkilər onu ancaq sərbəst və müştərək yaşayan bakteriyaları mənimsəyərək minerallaşdırdıqdan sonra nitrat, nitrit və ammonyak formasında qəbul edirlər. Bu yolla bitkilərin azota olan tələbi ancaq 20% ödənilir. Bitkilər azotun qalan hissəsini torpağın təbii ehtiyatlarından və səpilən mineral gübrələrdən qəbul edirlər.Azotun miqdarının artıq olması bitkilərin vegetasiya müddətinin uzanmasına səbəb olur.
Fosfor. Bitkilər üçün fosforun əhəmiyyəti ən əvvəl onunla izah
edilir ki, o, əsasən, zülaldan təşkil olunmuş protoplazmanın (xüsusi tərkibli canlı hüceyrə; rəngsiz yarımmaye kütləsi formasında olub zülallardan ibarətdir) və hüceyrə nüvəsinin tərkibinə daxildir. Azotdan fərqli olaraq, fosfor zülalın tərkibinə bilavasitə daxil olmur. Nuklein turşusu isə sadə zülallarla birləşərək mürəkkəb zülal-nukleproteid (tərkibində fosfat turşusu olur) əmələ gətirir. Beləliklə, fosfor dolayı yolla zülallarda iştirak edir.
Bitkilərin yaşından asılı olaraq, onun müxtəlif orqanlarında nukleo-proteidlərin miqdarı dəyişir. Belə ki, cavan bitkilərdə nukleproteidlər çox, qoca bitkilərdə azdır. Yuxarıda yerləşən yarpaqlarda nukleproteidlər çox, aşağı yarpaqlarda azdır.
Nuklein turşusu bitkidə maddələr mübadiləsinin və tənəffüsün normal getməsinə müsbət təsir edir. Demoksiribo-nuklein turşusu (DNT) bitkilərin irsiyyətinə təsir göstərən xromosomların tərkibinə daxildir.
Fosfor turşusu ilə fotosintez prosesi də əlaqədardır. Mayalanma prosesində fosforun rolu böyükdür.