XX əsrin əvvəlində alimlər tərəfindən aşkar edildi ki, bitkilərin normal böyüməsi üçün karbon, oksigen və hidrogendən əlavə yeddi element lazımdır: azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd və dəmir. Bu elementlər bitkinin tərkibinə daha çox daxil olur və onların toxumalarda miqdarı quru maddənin çəkisinin bir neçə faizindən yüzdə bir faizinə qədər dəyişir. Bu elementlər qrupu makroelementlər adlandırılmışdır (şəkil 1.1).
Sonralar aqrokimyaçı alimlər belə nəticəyə gəliblər ki, bu əsas yeddi elementdən başqa, bitkilərə çox az miqdarda digər elementlər də lazımdır. Bu elementlərə manqan, bor, molibden, mis, sink, kobalt, yod, flüor daxildir. Bitkilərdə həmin elementlərin miqdarı faizin mində bir hissəsindən yüz mində bir hissəsinə qədər dəyişir. Bu elementlər mikroelementlər adlandırılmışdır (şəkil 1.1).
Bəzən bitkilərin tərkibinə daha çox daxil olan elementlər sırasına silisium, natrium, xlor aid edilir. Lakin yuxarıda sadalanan makroelementlərdən fərqli olaraq, onlar bitkilərə az miqdarda lazım olur.
Bitkilər öz qidaları üçün bütün elementlərdən istifadə edirlər. Lakin onlardan bəziləri bitkilərə o qədər az miqdarda daxil olur ki, adi tədqiqat üsulları vasitəsilə çətinliklə təyin edilir, bəzən də müəyyən edilməsi mümkün olmur. Belə ki, makro və mikroelementlərdən başqa, bitkilərdə son dərəcə az miqdarda, deyildiyi kimi, ultra mikroelementlər vardır. Bu elementlər qrupuna ribidium, sezium, selen, kadmium, gümüş, civə və s. daxildir. Əgər makroelementlər, mikroelementlər və ultramikroelementlər nəzərə alınarsa, demək olar ki, D.İ.Mendeleyevin periodik sistemindəki bütün elementlərin ən azı yarısı bitkilərin tərkibinə daxildir. Belə ki, bu
vaxta kimi bitkilərdə məlum olan bütün kimyəvi elementlərin 70-dən çoxu tapılmışdır. Onların içərisində C, O, H, N və S orqanogen elementlər (üzvi maddələrin tərkibinə daxil olan əsas kimyəvi elementlər), bitkilər yandırılanda onların külündə qalan P, K, Ca, Mg, Fe, B, Mn, Zn, Na. Al, Si, Cl, Ti, Ba, F və Ni kül elementləri adlanır.