Torpaq canlıları bitki
qalıqlarının parçalanmasında və humus əmələgəlmə
prosesində birbaşa iştirak edirlər. Eyni zamanda torpaq
canlıları, məsələn, soxulcanlar həyat uğurunda
mübarizə aparmaqla öz hərəkətləri ilə torpaqda
trayektoriyalar (izlər) açırlar, torpaqda məsaməlilik
yaradır, torpağın su-hava rejimini yaxşılaşdırırlar
(şəkil 5.2). Həmçinin soxulcanlar üzvi qalıqları öz
mədə-bağırsaq traktından keçirərək, bioloji humusla
torpağı zənginləşdirir və onun strukturalılığını
(dənəvərlik, yumşaq profil) yaxşılaşdırırlar. Məlumdur ki, torpağın mexaniki elementlərinin (qum, gil və s.) bir-birinə birləşərək aqreqat əmələ gətirmək qabiliyyətinə onun strukturalılığı deyilir. Deməli, torpağın struktur halının yaxşılaşması üçün birbirinin üzərində kip oturmayan və arada məsamələr yaradan müxtəlif ölçülü aqreqatlar (dənəvər hissəcik) əmələ gəlməlidir. Torpaqda mexaniki elementləri bir-birinə birləşdirərək aqreqat əmələ gətirən (suya davamlı) və yapışqanlıq xüsusiyyətinə malik olan maddə isə humus hesab olunur. Humus isə makro və mikroorqanizmlər tərəfindən torpaqda olan üzvi qalıqların parçalanması hesabına əmələ gəlir. Buradan aydın olur ki, əgər torpağın bioloji aktivliyi azalarsa, onda humus əmələgəlmə prosesi zəifləyər və bunun nəticəsində torpağın struktur halı pisləşər. Torpağın fitosanitar vəziyyəti onun alaqlardan, xəstəlik törədicilərindən, zərərvericilərdən və bitkilərin, habelə mikroorqanizmlərin ifraz etdikləri zəhərli maddələrdən təmizliyi ilə xarakterizə olunur. Torpaq münbitliyinin aqrokimyəvi göstəricilərinə torpağın udma qabiliyyəti, torpaq məhlulunun reaksiyası və qida maddələrinin ehtiyatı daxildir. Udma qabiliyyəti torpağın qazları, buxarı və suda həll olmuş və ya asılı halda olan birləşmələri udmasıdır. Münbitliyin aqrofiziki göstəricilərinə onun fizikimexaniki və əsas aqrofiziki xassələri daxildir. Torpağın fiziki-mexaniki xassələrinə onun ilişkənliyi, yapışqanlığı, şişməsi, fiziki və bioloji yetişkənlikləri aiddir. Torpaq aqreqatlarını təşkil edən hissəcikləri birbirindən ayırmaq üçün göstərilən təsirlərə davamlılıq qabiliyyətinə torpağın ilişkənliyi (rabitəliliyi) deyilir. |