Torpaq əmələ gətirən süxurların su keçirmə qabiliyyəti zəif, relyefi düzən və
az mailli olan sahələrdə torpağın artıq nəmlənməsi daha tez baş verir.
Torpağın artıq nəmlənmə dərəcəsindən və onun əmələgəlmə səbəbindən asılı olaraq,
daimi kanal şəbəkələri, örtülü drenlər, xüsusi kanal şəbəkələri və s. yaratmaqla qurutma
aparılır.
Suvarılan, quraq (arid) torpaqlarda isə buxarlanan suyun miqdarı yağıntıların
miqdarından çoxdur. Belə torpaqlarda bitkilərin inkişafı üçün kifayət qədər nəmlik
ehtiyatı olmadığından süni suvarmalar aparılır. Burada əkin sahələri adi şırım üsulu
və ya müasir suvarma üsulları ilə (damcıvarı, süni yağış yağdırma və s.) suvarılır.
Burada tətbiq olunan əkinçilik sisteminin məqsədi bitkilərin normal inkişafı üçün torpaqda
nəmlik ehtiyatını qorumaqdan ibarətdir.
|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Sizi əhatə edən aqrolandşaftlara nəzərə salın və onların strukturunu təşkil edən,
tarlalara, üzümlüklərə, meyvə bağlarına, bostan və tərəvəz əkinlərinə diqqət yetirin.
2. Rast gəldiyiniz mədəni bitkiləri tarla, meyvə, bostan və tərəvəz bitkiləri təsnifatı
üzrə qruplaşdırın.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Əkin sahələrinə və təbii ərazilərə nəzər yetirin, orada yayılmış indikator bitkiləri
toplayın və həmin bitkilərə əsasən ərazilərin torpaq-iqlim şəraiti haqqında proqnoz
məlumatlar hazırlayın.