3. Şəkərli texniki bitkilər: şəkər çuğunduru və kasnı.
4. Nişastalı texniki bitkilər: kartof və topinanbur.
5. Dərmanlı və ziyanvericilərə qarşı istifadə olunan texniki bitkilər: lalə, pişikotu,
xanımotu, dikitalis.
III. Yem bitkiləri:
1. Kökümeyvəli yem bitkiləri: çuğundur, yemlik kələm, şalğam, yerkökü, turp.
2. Birillik paxlalı otlar: gülül, quşayağı,
3. Birillik taxıl otları: sudan otu, bir illik rayqras, moqar.
4. Çoxillik paxlalı otlar: yonca, xaşa, üçyarpaq yonca.
5. Çoxillik taxıl otları: daraqotu, pişikquyruğu, donuz ayrığı.
IV. Bostan bitkiləri: qarpız, yemiş, qabaq, kələm.
Qeyd olunan birillik kənd təsərrüfatı bitkiləri becərildiyi yerin torpaq-iqlim
şəraitindən, onların bioloji xüsusiyyətlərindən, uzun və qısa gün bitkisi olmasından
asılı olaraq, yazlıq və payızlıq bitkilərə ayrılır. Yazlıq bitkilər, əsasən, yazda (mart,
aprel aylarında), onların toxumunun cücərməsi üçün torpaqda kifayət qədər temperatur
yarandıqda səpilir və məhsul yayın axırı və ya payızın əvvəlində yığılır. Yazlıq
bitkilərə misal olaraq kartof, qarğıdalı, əksər tərəvəz (pomidor, bibər, badımcan,
soğan və s.) və bostan bitkilərini, o cümlədən dənli paxlalı (lobya, paxla, noxud və s)
və texniki bitkiləri (günəbaxan, pambıq və s.) bitkiləri qeyd etmək olar.
Payızlıq bitkilər, əsasən, yayın sonundan payızın sonuna qədər olan dövrdə (sentyabr-
noyabr) səpilir, soyuğa davamlı olub, qışlama qabiliyyətinə malikdirlər və
məhsul yayda yığılır. Payızlıq bitkilərə misal olaraq, dənli taxıl və yem bitkilərini
misal göstərmək olar.
4.2. Meşə və indikator bitkiləri
4.2.1 Meşə
Meşə – öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-birinə, həm də xarici
mühitə təsir göstərən ağac, kol, ot, digər, bitkilər (mamır, şibyə), heyvanat aləmi
və mikroorqanizmlərin birliyi (vəhdəti) olub, biosferin (canlı aləm) mühüm tərkib
hissəsidir, coğrafi landşaftın elementidir.
Meşə təbiətin orijinal və təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə yaşayır və
inkişaf edir. Öz mövcudluğu və inkişafı üçün meşə öz-özünə əlverişli şərait yaradır,
qida və su ilə öz-özünü təmin edir, təzələyir, gələcək nəslinin qorunub saxlanması
üçün özünə qayğı göstərir. Meşədəki ağaclar sıx bitdiyindən bir-birinə böyük təsir
göstərir, ona görə də orada ağaclar uca boylu, düz gövdəli, çətirləri isə az inkişaf
edərək ensiz və gödək olub, ağacların təpə hissəsində yerləşir. Meşələrdə ilbəil arası
kəsilmədən ağac və kolların küllü miqdarda yarpağı, xırda və iri budaqları, qabıq,
çiçək və meyvələri tökülür, onlara isə milyonlarla həşərat qalıqları qarışır.