Kənd təsərrüfatı bitkilərinin inkişafını öyrənməyi asanlaşdırmaq məqsədilə onlara
qruplara ayırıb təsnifat tərtib edirlər. Bitkiçilik sahəsi, əsasən, tarlaçılıq, tərəvəzçilik
(pomidor, xiyar, bibər, badımcan, soğan və s.) və meyvəçilik – çoxillik əkmələr (üzüm
və digər meyvə bitkiləri olan alma, armud və s.) sahələrinə ayrılır.
Tərəvəz bitkiləri – becərilən və yabanı olmaqla bir, iki və çoxillik olurlar. Tərəvəz
bitkilərinə 1200-dən artıq növü əhatə edən 78 fəsilə aiddir. Tərəvəz bitkilərinin (pomidor,
badımcan, istiot, xiyar, yerkökü, kələm, soğan, kəvər, çuğundur və s.) meyvəsi,
kökü və gövdəsindən istifadə olunur. Tərəvəz bitkilərindən çoxu tropik və subtropik
qurşaqlarda əmələ gəlmişdir, bəziləri istiliksevən bitkilərdir. Tərəvəzçilik – tərəvəz
bitkilərinin yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi olub, tərəvəz
bitkilərinin biologiyasını və becərmə üsullarını öyrənən elm sahəsidir.
Bostançılıqda – bostan bitkilərinin (qarpız, yemiş, qabaq) yetişdirilir.
Açıq qruntda 50-dən çox tərəvəz (kələm, pomidor, xiyar, soğan, yerkökü, çuğundur)
və həmçinin ədviyyat bitkiləri (tərxun, keşniş, reyhan, kəvər, nanə və s.), örtülü
qruntda isə xiyar, pomidor, gülkələm, kahı və s. əkilir. Tərəvəz istehsalı respublikanın
4 iqlim iqtisadi zonasında– Lənkəran-Astara, Quba Xaçmaz, Abşeron və Gəncə-Qazax
zonalarında mərkəzləşdirilmişdir.
Meyvəçilik – bitkiçilik sahəsi olub, insanın qidalanması üçün yararlı meyvə verən
çoxillik bitkilərdən bəhs edən elmdir. Meyvə bitkiləri – şirəli və ya bərk, yeyilən
meyvəsi olan, yabanı halda bitən və becərilən ağac, kol, yarımkol, çoxillik kolcuqlar
qrupudur. Meyvə bitkilərinə alma, armud, heyva, albalı, ərik, badam, fındıq, qoz,
zeytun, əncir və s. daxildir. Bir çox subtropik və tropik meyvə bitkilərindən manqo,
banan, sitrus bitkiləri və s. göstərmək olar.
Üzümçülük – üzümün becərilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsidir. Üzüm
əhalini üzüm və kişmişlə, şərabçılıq və konserv sənayesini xammalla təmin edir.
Azərbaycan Respublikasında üzüm kənd təsərrüfatının əsas sahələrindən biridir.
Kənd təsərrüfatı bitkilərinin tarla bitkiləri adlanan qrupu özünün botaniki, bioloji
və təsərrüfat nişanələrinə, məhsul növünə, becərilmə xüsusiyyətinə, növbəli
əkində yerinə, məhsul yığımına və s. əlamətlərinə görə bir-birindən fərqlənirlər. Bu
baxımdan tarla bitkilərinin öyrənilməsini asanlaşdırmaq məqsədilə onları istehsalatda
istifadə xüsusiyyətlərinə görə taxıllar, texniki bitkilər, yem bitkiləri və bostan
bitkiləri kimi 4 böyük qrupa bölürlər.
I. Taxıllar – Dən məhsulu almaq üçün becərilir (şəkil 4.2).
1. Tipik taxıllar: buğda, çovdar, arpa, vələmir və tritikale.
2. Darıvarı taxıllar: qarğıdalı, darı, çəltik, çumaza.
3. Dənli paxlalılar: noxud, paxla, mərcimək, lərgə, lobya, nut, maş lobyası, lupin.
II. Texniki bitkilər. Bunlar üçün xammal mənbəyi hesab olunur.
1. Yağlı bitkilər: günəbaxan, yabanı zəfəran, xardal, kətan, vəzərək.
2. Lif verən bitkilər: toxumu üzərində lif olan pambıq, o cümlədən gövdəsi üzərində lif olan
bitkilərdən kətan, kənaf, çətənə, həmçinin yarpağı üzərində lif olan bitkilərdən
yukka, sizal, Yeni Zelandiya kətanı.