Quru səthində hər il yaşıl bitkilər atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan
daxil olan
su və mineral birləşmələrdən istifadə etməklə 5⋅3⋅1010 t biokütlə sintez edirlər. Bu biokütlənin bir hissəsi
kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər, torpaqda üzvi maddələrin yeganə
ilkin mənbəyidir. Onların torpaq əmələ gətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı - torpaqdan
qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat tsikli başa çatdıqdan sonra onun
təzədən torpağa qaytarılmasıdır.
Maddələrin bioloji dövranı dedikdə - torpaqdan və mineralların tərkibindən su vasitəsilə qida maddələrinin
bitkiyə daxil olması, atmosferdən CO2-nin bitki tərəfindən mənimsənilməsi və bitkidə üzvi maddələrin sintez
olması, habelə bitki qalıqları minerallaşdıqdan sonra həmin maddələrin yenidən torpağa qayıtması başa
düşülür.
Qeyd olunanlardan aydın olur ki, əkinçilikdə istifadə olunan əsas elementlərin (su, istilik, hava, qida
maddələri) təbiətdə dövranına bələd olmadan onların bitkilər üçün nizamlanması qeyri-mümkündür.
Qida maddələrinin bioloji dövranında əsas göstəricilərdən biri torpaqdan aparılan qida elementlərinin
miqdarı və bitki orqanları ilə torpağa qaytarılan elementlərin miqdarı arasında olan nisbətin düzgün
öyrənilməsidir. Bu isə əkinçiliyin qaytarılma qanununu özündə əks etdirir.
Orqanizmlər tərəfindən bir dəfə istifadə olunaraq istiliyə çevrilən və ekosistem üçün itirilən enerjidən
fərqli olaraq, biosferdə maddələr dövr edir və buna görə də həmin proses biogeokimyəvi dövretmə adlanır.
Təbiətdə təsadüf edilən elementlərin 40-a qədəri canlı orqanizmlər üçün lazımdır. Onlar üçün vacib və çoxlu
miqdarda tələb olunan karbon, hidrogen, oksigen və azot elementləridir. Oksigen atmosferə fotosintez prosesi
nəticəsində düşür və orqanizmlərin tənəffüsü zamanı sərf olunur. Azot, atmosferdən azotu fiksasiya edən
bakteriyalar sayəsində əldə edilir və başqa bakteriyalar tərəfindən yenidən ora qaytarılır.
Elementlərin və maddələrin dövranı bütün ekosistem tərkibi iştirak edən, özü tənzimlənən proseslər hesabına
həyata keçir. Bu proseslər tullantısızdır. Təbiətdə faydasız və zərərli heç nə yoxdur. Hətta vulkan
püskürmələri də faydalıdır, belə ki, vulkan qazları ilə birlikdə atmosferə azot və s. kimi faydalı
elementlər düşür.
Təbiətdə maddələr iki dövretmə prosesindən keçir. Bioloji, yaxud kiçik dövretmə və geoloji, yaxud böyük
dövretmə.
Bioloji dövretmə maddələrin torpaq, bitki, heyvan və mikroorqanizmlər arasında dövr etməsindən ibarətdir.
Avtotrof (fotosintez nəticəsində qeyri üzvi maddəni üzvi maddəyə çevirən) orqanizm olan yaşıl bitkilər
fotosintez prosesi zamanı havadan karbon qazını alır, oksigeni buraxırlar. Bu zaman qeyri-üzvi maddələrdən
üzvi birləşmələr əmələ gəlir. Bunlar produsentlər (istehsalçı, istehsal edən) adlanır.
Yaşıl bitkilər tərəfindən əmələ gələn üzvi maddələri sərf edən heterotrof (yun. heteros - özgə, yad, trophe
- qida. Hazır üzvi maddələrlə qidalanan orqanizmlər) orqanizmlər - heyvanlar konsumentlərə (ehtiyacı olan)
aid olunur. Həm bitki, həm də heyvanlar tənəffüs zamanı oksigeni alır, karbon qazını buraxırlar.