Hazırda yer üzərində 1000-ə qədər qaramal, 250 at, 232 quş, 160 qoyun, 20 keçi, 20 camış və 127 zebu cinsi
var. Bu cinslər hər bir yerin torpaq-iqlim şəraitinə uyğunlaşmasından asılı olaraq, zonalar üzrə müəyyən
yayılma areallarına malikdirlər. Məsələn, zebu və zebu növlü mallar cənub ölkələrində isti iqlim və çətin
yem şəraitinə uyğunlaşmışdır. Qoyunlar isti, quru havaya davamlıdır.
Qoyunlar yetişdirildiyi yerin coğrafi iqlim şəraitinə əsasən saxlanılıb bəslənir. Azərbaycan respublikasında
coğrafi iqlim şəraiti və relyef quruluşundan asılı olaraq, qoyunçuluq köçəri vəziyyətdə aparılır. May
ayından başlayaraq respublikamızın aran rayonlarında bərk istilər başlayır və nəticədə otlaqda bitən yaşıl
otlar yanıb tələf olur. Bu dövr çox isti olduğundan və otlağın yanıb tələf olması ilə əlaqədar olaraq
qoyunlar dağlıq zonalara köçürülür. Burada sentyabrın birinci on günlüyünün axırına kimi təbii otlaqda,
çəmənlikdə bəslənir. Sentyabrın 15-dən sonra yavaş-yavaş havalar soyuduğundan qoyunlar qış otlaqlarından
arana sürülərək burada saxlanılır.
Heyvanlar ətraf mühitin temperaturuna adaptasiya olunma qabiliyyətinə malikdir. Heyvanlar yerini dəyişməklə
və ya daha mürəkkəb davranışı ilə hüdud temperaturdan aktiv surətdə uzaqlaşa bilər. Bir çox heyvanlar üçün
davranış istilik balansını saxlamaq üçün yeganə və olduqca effektiv üsul sayılır.
Heyvanların xəz örtüyü, quşların lələk və pərqu (yumşaq tük) örtüyü bədən ətrafında hava qatının
temperaturunu bədəninin temperaturuna yaxın saxlamağa imkan verir. Suya olan münasibətinə görə heyvanlar da
ekoloji qruplara ayrılır: rütubətsevənlər və quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda)
uyğunlaşan heyvanlar. Rütubətsevən heyvanlarda bədən səthindən tənəffüs orqanları qişasından və mübadilə
məhsulları ilə su itkisi olduqca azdır. Quraq mühitə uyğunlaşan heyvanlar bədəndə qalan sudan (sidik
kisəsində topladığı ehtiyat sudan və ya yaxud qida ilə aldığı sudan) istifadə etməklə uzun müddət yaşaya
bilir. Məsələn, qoyun və dəvə buna misal ola bilər və bu heyvanlar 17-27% su itirdikdə dözür. Lakin insan
bədəndən 10% su itirdikdə ölür. Günəş şüaları heyvanlar üçün daha əhəmiyyətlidir. Heyvanlar acıq hava
şəraitində çox olduğuna görə günəş şüalarının təsiri altında xəstəliklərə dözümlülük artır, həyatilik
qabiliyyəti yüksək olur, qısırlıq halları aradan qalxır.
Hava şəraitinin əlverişli olmaması və bu şəraitin uzun müddət davam etməsi, otarılan heyvanların, məsələn,
xırda buynuzlu mal-qaranın bəslənməsində yem məsrəflərini artırır. Hava şəraiti yem tədarükü üçün olduqca
vacibdir. Məsələn, otun biçilməsi, qurudulması və saxlanmasında normal hava şəraiti tələb olunur. Hava
şəraiti heyvanların tövlədə bəslənməsinə də təsir göstərir. Məsələn, qışda tövlədə temperatur 4-10°C, nisbi
rütubət 85% olmalıdır. Hava quraq və ya soyuq keçdikdə, tövlədə optimal şərait yaratmaq üçün xərclər artır.
İqlim anomaliyaları (pozulmaları) nəticəsində yağıntıların azalması, quraqlığın yaranması, təbii otlaqların
ot məhsuldarlığının aşağı düşməsi, səhralaşma və s. bu kimi təhlükələr heyvandarlığa ciddi ziyan vurur. Belə
olan halda təbii yem mənbələri tükənir və mal-qaranın tələf olma halları baş verir (şəkil 2.9).