Bu vəziyyət onunla izah olunur ki, uzun müddətli yağışlı havada yarpaq və zoğlarda formalaşan seyrək və incə
toxumalar qəflətən baş vermiş qaynar hava ilə uyğunlaşa bilmir. Belə havada (qaynar) transpirasiya o
dərəcədə güclənir ki, kök sistemi yuxarı orqanlara suyu çatdıra bilmir. Nəmlik normal olan qatda kök sistemi
çoxşaxəli olur. Havanın nəmliyi bitkidə fizioloji proseslərin keçməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məsələn, çox quru havada yarpağın ağızcıqları qapanır, transpirasiya və assimilyasiya azalır. Nisbi
rütubətin normadan çoxluğu nəticəsində yarpaqlarda şeh əmələ gəlir (şəkil 2.8) və transpirasiya zəif gedir.
Əksər bitkilər üçün havanın optimal nəmliyi 70-80 % arasındadır.
Əksər kənd təsərrüfatı bitkiləri üçün illik atmosfer çöküntülərinin miqdarı 450500 mm olan yerlərdə
suvarmadan becərmə mümkündür. Buradan aydın olur ki, respublikamızda yağıntıların miqdarı az olan yerlərdə
suvarma üçün irimiqyaslı irriqasiya tədbirləri görülməsinə böyük ehtiyac var.
Havanın nisbi rütubəti və suvarma suyu azlıq edən yerlərdə quraqlığa davamlı sortlar əkilməlidir. Havanın
nəmliyi 25%-dən aşağı olduqda əksər bitkilərin dişicik ağızcığındakı şirə quruyur və bu da mayalanmaya mənfi
təsir göstərir.
Bitkilərdə suya tələbkarlıq temperatur şəraiti ilə əlaqəlidir. Bitkilərdə mənimsənilən suyun çox hissəsi
buxarlanmaya sərf olunur. Bu baxımdan bitkinin suya tələbi hesablandıqda havanın temperaturu nəzərə
alınmalıdır. Havanın temperaturu ilə transpirasiya arasında birbaşa asılılıq var. Əksər bitkilər üçün
torpağın nəmliyi onun nisbi rütubət (torpağın müəyyən müddət ərzində özündə saxlaya bildiyi nəmlik)
tutumunun 60-70%-i qədər olduqda, bu, optimal nəmlik hesab edilir. Artıq nəmlik torpaqda bataqlıq yaradır və
kök sistemini tədricən çürüdür. Torpağın nəmliyi onda olan suyun miqdarına görə ifadə olunur. Torpaqda olan
suyun onun mütləq quru çəkisinə görə faizlə miqdarına torpağın nəmliyi deyilir. Nəm və quru torpağın çəkisi
arasındakı fərq quru torpağın çəkisinə bölünüb 100-ə vurulmaqla torpağın nəmliyi tapılır.
Burada: Wtor - torpağın nəmliyi %-lə, Ntor - nəm torpağın çəkisi qramla,
Qtor - quru torpağın
çəkisi qramla. Torpağın nəmliyini təyin etməklə biz bitkinin suya ehtiyacını müəyyən edə bilərik. Yəni
torpağın nəmliyi suvarmanın vaxtını və suvarma normasını düzgün müəyyənləşdirməyə imkan verir. Bu da
artıq suvarmanın, əlavə su itkisinin qarşısını almaqla yanaşı, bitkinin stressə düşməsinin qarşısını
alır.
Quraqlığadavamlılıq mürəkkəb məsələdir. Bu xüsusiyyət qaynar mühiti də özündə birləşdirir, yəni istər
havada, istərsə də torpaqda yüksək qızmarlığa və susuzluğa uyğunlaşma qabiliyyəti nəzərdə tutulur. Hər
bir quraqlığadavamlı bitkidə aşağıda göstərilən 3 xüsusiyyət həmahənglik təşkil etməlidir: 1)hüceyrənin
susuzluğa davamlılığı; 2)yüksək temperatura davamlılığı; 3)torpaqdakı duzlara davamlılığı.