Transpirasiya (lat. trans - vasitəsilə, lat. spiro - nəfəs
vermək) - bitkinin torpaqdan aldığı suyu yarpaqlar
vasitəsilə buxarlandırmasıdır (şəkil 2.7). Bitkilər kök
sistemi ilə aldıqları suyu yarpaqlara qədər qaldırır.
Bitkilərin torpaqdan sorduğu çox böyük miqdarda
suyun yalnız mində bir və ya iki hissəsi sintez olunan
üzvi maddələrin tərkibinə daxil olur, qalan 998-999
hissəsi isə yarpaqların səthi ilə buxarlanır. Yarpaqların
daxili hüceyrələrinin səthindən su buxarlanaraq
hüceyrəarası boşluqlara dolur, oradan da yarpaqda
olan ağızcıqlar vasitəsi ilə xaricə diffuziya olunur.
Sadə üsulla təxmini olaraq bitkilərin quru maddə əmələ gətirmək üçün buxarlandırdığı suyun miqdarını müəyyən etmək olar (şəkil 2.7). Bunun üçün bitkinin yarpaqlarla birlikdə müəyyən bir hissəsi sellofan torbaya salınır və sıx olmamaq şərtilə torbanın ağzı bükülüb bağlanır. Əvvəlcədən seçilmiş yarpaqların en kəsik sahəsi hesablanır, cəmlənir və bir neçə yarpaq nümunəsinin çəkisi tapılır. Müəyyən bir müddətdən sonra torbaya toplanmış buxarlanan suyun miqdarı ölçülür. Sonra yarpaqların əvvəlki ölçüsü (en kəsik sahəsi və ya çəki) ilə sonrakı ölçüləri arasındakı fərq hesablanır və bu artım buxarlanan suyun miqdarına görə ifadə olunur. Nəticədə, biz bitkinin yarpaqlarının 1 sm2 en kəsik sahəsi və ya 1 qram yaşıl kütlə (quru maddəyə çevirməklə də olar) əmələ gətirməsi üçün buxarlandırdığı suyun miqdarını müəyyən edə bilərik. Aldığımız rəqəm suvarma normasının düzgün planlaşdırılmasında böyük əhəmiyyətə malikdir. İllik atmosfer çöküntülərinin miqdarı kifayət etməyən torpaqlarda bitkiləri suvarmadan becərmək mümkündür. Bitkidə mənimsənilən suyun çox hissəsi buxarlanmaya sərf olunur. Bu baxımdan bitkinin suya tələbi hesablandıqda havanın temperaturu nəzərə alınmalıdır. Havanın temperaturu ilə transpirasiya arasında birbaşa asılılıq var. Bitkinin böyüməsində və məhsul verməsində normal nəmliyin əhəmiyyəti çox böyükdür. Bu baxımdan əkinçilik zonalarında yüksək temperaturla yanaşı, havanın normal nəmliyinin də olması vacibdir. Uzun müddətli yağışlardan sonra qəflətən baş vermiş qaynar quru hava olduqda, yarpaqlarda quruma və soluxma gedir. |