Temperatur şəraitinin vegetasiya fazalarının keçməsinə təsiri böyükdür. Yazda havanın
orta sutkalıq temperaturu 10-12° C olduqda əksər bitkilərdə tumurcuqların açılması başlayır. Ayrı-ayrı
vegetasiya fazalarının normal keçməsi üçün müəyyən miqdar fəal temperatur (10°C-dən) tələb olunur. Rayonun
və ilin istilik şəraiti mütləq minimum və mütləq maksimum göstərilməklə orta aylıq temperatur ilə
xarakterizə olunur. Aşağı temperaturun bitkiyə təsirində üç anlayışı fərqləndirmək lazımdır: şaxtaya
davamlılıq - bitkinin şaxtalara davamlılığı; soyuğa davamlılıq - bitkinin aşağı müsbət temperatura
davamlılığı; qışa davamlılıq - bitkinin qışın bütün amillərinə davamlılığı.
Yaz şaxtaları iki tipdə olur - advektiv və radiasiya. Advektiv şaxtalar soyuq arktik hava axımının daxil
olması nəticəsində baş verir və havanın temperaturunu gecələr -6 °C endirə bilir. Bu şaxtalar daha
qorxuludur. Radiasiya şaxtaları gecələr torpağın soyuması nəticəsində baş verir. Bu şaxtalar yerli xarakter
daşıyır və qış şaxtalarına nisbətən az soyudur. Qış vaxtı torpağın səthindən yuxarıya qalxdıqca temperatur
yüksəlir. Belə ki, iki metr hündürlükdə torpağın səthinə nisbətən +4°C-yə qədər temperatur artıq olur. Qışda
5 sm qalınlığında olan qar torpağın temperaturunu 4° qaldıra bilir, 20 sm qalınlığında olan qar kökləri
şaxtadan qoruyur. Bu baxımdan qışı sərt keçən ərazilərdə əkin sahələrini şaxtalardan qorumaq üçün sahədə
qarın saxlanması tədbirləri (sahədə tirələr düzəltmək, bitki qalıqları saxlamaq və s.) əhəmiyyətlidir.
2.2.4.
Su
Toxumlar cücərəndə onların şişməsi üçün və bitkinin vegetasiya dövründə qida maddələrini mənimsəmək üçün
lazımdır. Müxtəlif bitkilərin toxumları cücərmək üçün özlərinə müxtəlif miqdarda su hopdururlar. Su
fotosintez prosesi üçün lazımdır. Su bitkilərdə qida maddələrinin köklərdən yarpağa və əksinə hərəkət etməsi
üçün lazımdır. Su qızğın vaxtlarda torpağı soyudur və mikrobioloji prosesləri təmin edir. Transpirasiya
əmsalı az olan qarğıdalı, darı və sorqodur. Quru maddə qurmaq üçün ən çox suyu çoxillik otlar istifadə edir.
Buğdada su ilə böhran dövrü boru buraxma və sünbüllənmə dövrüdür.
Torpağın rütubətini saxlamaq üçün dərin yumşaltma aparmaq, torpağın strukturunu yaxşılaşdırmaq, qaysağı
dağıtmaq, mulçalama, tirə və ya şırım düzəltmək lazımdır. Torpaqda mineral maddələrin həll olması, onların
su ilə bitkinin yarpaqlarına, eləcə də başqa hissələrinə sorulması üçün torpaqda normal rütubətin olması
vacibdir. Su yarpaqda sintez olunan üzvi maddələrin və bitkinin bütün orqanlarının tərkibinə daxildir ki, bu
da bitkinin ümumi çəkisinin 60-80%-ni təşkil edir. Bitkinin orqanlarına daxil olan və həmin orqanlar
vasitəsi ilə buxarlanan suyun nisbəti su balansını təşkil edir. Bitkidə su balansı sutka və faza müddətində
dəyişir. Fizioloji proseslərin gedişinə nəmliyin böyük təsiri var. Fizioloji nəmlik köklər vasitəsilə suyun
udulması dərəcəsi, bitki toxumalarında onların hərəkəti və transpirasiya ilə müəyyən edilir. Torpaqda yüksək
nəmliyin olması bitki köklərinin tənəffüsünə mane olur və onlar məhv olurlar. Eyni zamanda torpaqda həddən
çox nəmliyin olması bitkinin çiçəklərinin tökülməsinə səbəb olur.