Belə ki, dəniz səviyyəsindən yuxarı qalxdıqca ultra-bənövşəyi şüalar çoxalır. İnfraqırmızı
şüalar isə aran yerlərində çoxdur. Ultra-bənövşəyi şüalar məhsulun yetişməsinə
və keyfiyyətinə, infra-qırmızı şüalar isə bitkinin inkişafına təsir edir.
Vegetasiya fazalarına günəş şüası çox güclü təsir göstərir (günəş şüası istilik
yaratdığına görə).Yarpaq ayasının böyüməsi işıqdan asılıdır. İşıq olmadıqda yarpaq
ayası kiçik qalır, saplaq isə xeyli uzanmış olur.
Fotosintez bitkilərdə işıqda gedir. Fotosintez prosesində yaşıl bitkilər günəş işığından
istifadə edərək hava və torpağın qeyri-üzvi maddələrini üzvü maddələrə (nişasta,
şəkər, zülallara) çevirir (şəkil 2.4). Fotosintez zamanı bitkilər havadan karbon qazını
alıb, bütün orqanizmlərin tənəffüsü üçün zəruri olan oksigen buraxırlar. Son zamanlar
nişanlanmış atomların tətbiqi sayəsində işığın spektr tərkibi fotosintezin istiqamətinə
təsir edir. Belə ki, spektrin qırmızı-sarı şüaları, əsasən, karbohidratların, göy şüalar
isə zülalların əmələ gəlməsinə təsir göstərir. Kifayət qədər işıq olmadıqda bitkilər zəif
inkişaf edir, gövdəsi nazik, uzun olur və yerə yatır (şəkil 2.5).
Vegetasiya dövründə işığın olmaması sünbüllərin az dənliliyinə, buğdada zülalın
azalmasına səbəb olur. İşıqlı günün uzun olması bəzi bitkilərin inkişafını ləngidir,
başqa bitkilərin inkişafını isə sürətləndirir. Buna görə bitkilər uzun və qısa gün
bitkilərinə bölünür. Uzun gün bitkilərinə: buğda, çovdar, arpa, vələmir, noxud, kartof,
kələm aiddir. Qısa gün bitkilərinə: lobya, günəbaxan, qarğıdalı, pambıq aiddir.
Tarla şəraitində bitkiləri düzgün yerləşdirməklə onları işıqla təmin etmək olar. Bunun
üçün seyrəltmə, alaqlara qarşı mübarizə, gencərgəli səpin və s. tətbiq edilir.