Hava proqnozu - irimiqyaslı atmosfer proseslərinin
təhlili əsasında havanın gələcək vəziyyəti haqqında
irəli sürülmüş elmi fikirdir. Hava proqnozu qısa
müddəti (bir ayadək və daha artıq) əhatə edir. Hava
proqnozu həm müəyyən ərazi (vilayət, ölkə, rayon,
dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış
məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar
və s. üçün tərtib edilir. Xüsusi hava proqnozlarına
insanların yaşayışına və xalq təsərrüfatının ayrı-ayrı
sahələrinə zərər vura biləcək təhlükəli hava hadisələri
olan-siklon, tufan, duman, çovğun, güclü külək, toz
fırtınası, ayaz və s. daxildir. Hava proqnozları sinoptik
meteorologiyanın məlumatları əsasında tərtib olunur.
Sinoptik xəritələr əsas müddət üçün tərtib edilməklə böyük əraziləri əhatə edir. Sinoptik xəritələrdə (yun. synoptikos- hər yeri müşahidə edə bilən) - üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti və sürəti və s.) haqqında məlumat verilmiş xəritədir (şəkil 1.13). Sinoptik xəritə meteo-roloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. İqlim haqqında məlumatların ümumləşdirilməsi və yayılması hidrometeoroloji xidmət müəssisələri tərəfindən həyata keçirilir. Ölkəmizdə iqlimin vəziyyətinin təbii, süni və ya antropogen (insan amili) dəyişməsinə nəzarət xidməti Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Bura daxil olan müəssisələrdə aqrometereoloji xidmətlər də həyata keçirilir. Belə ki, aqrometereoloji xidmətlər - kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanların bəslənməsi üçün iqlim şəraitinin vəziyyətinin təbii və antropogen səbəblərdən dəyişilməsinin öyrənilməsi və ona nəzarət edilməsindən ibarətdir. Bu isə kənd təsərrüfatında, həm istehsalatda, həm də elmi işlərin aparılmasında olduqca əhəmiyyətlidir. Ümumi hava proqnozları və digər hidrometeoroloji xidmətlər müəyyən bir region üçün quraşdırılmış iri hidrometeoroloji stansiyalar tərəfindən həyata keçirilir. |