Günəş radiasiyası (şüalanması), yəni günəş şüalarının radiasiyası kimi başa düşülür. Ekosistemin aldığı
radiasiyasının miqdarı, yəni yer səthinə düşən günəş enerjisinin miqdarı günəş şüalarının torpaq və ya su
səthinə düşmə bucağından, yəni en dairəsindən, dəniz səviyyəsindən, ilin fəslindən, günəşli saatların
miqdarından, həmçinin obyektin həmin şüaları udma qabiliyyətindən asılıdır. Bu amillərə əsasən bir sıra
iqlim zonaları yaranır ki, hər zonanın özünəməxsus flora və faunası olur. Məs., palmalar yalnız isti zonada
bitir, ağ ayı isə yalnız arktik zonada yaşayır.
İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o, fotosintez prosesləri üçün enerji mənbəyi
olub, bitkilərdə qeyri-üzvi birləşmələrdən üzvi birləşmələrin yaranmasında iştirak edir. İşıq özünün fiziki
xassələrinə görə heyvanların müxtəlif həyat proseslərində böyük və çoxşaxəli rol oynayır. Qeyd etmək
lazımdır ki, ekologiyada “işıq” termini dedikdə günəş şüalanmasının bütün diapazonu nəzərdə tutulur, bura
0,05-dən 3000 nm-ə (1 nanometr=10-6mm) qədər və daha yüksək dalğalı uzunluqda enerji axını nəzərdə tutulur.
Bu radiasiya axını canlı orqanizmlərin həyatında fiziki xassələrinə və ekoloji əhəmiyyətinə görə bir neçə
sahəyə ayrılır. Bu sahələrin sərhədləri (hüdudları) aydın deyil. Ümumi şəkildə onları aşağıdakı kimi
təsəvvür etmək olar:
<150 nm - ionlaşma radiasiyası; 150-400 nm - ultrabənövşəyi radiasiya (UB); 400-800 nm - görünən işıq
(müxtəlif orqanizmlər üçün sərhədləri fərqlənir); 800-1000 nm - infraqırmızı radiasiya (İQ).
İonlaşmış radiasiyaya kosmik şüalar, həmçinin təbii və süni radioaktivlik daxildir. Yer səthində bu
radiasiyanın orqanizmə təsiri, əsasən, təbii radiasiya fonu ilə bağlıdır. Bizim dövrümüzdə bu, texnogen
(süni) mənşəli radiasiyanın kəskin artması ilə əlaqədardır.
Görünən işıq - spektrin bu hissəsi Yer səthinə çatan günəş enerjisinin 40-50%-ni təşkil edir. Heyvanlar üçün
spektrin görünən hissəsi ətraf mühitdə istiqamət götürmək (səmtləşmə) ilə bağlıdır. Görmə səmtləşməsi
əksəriyyət gündüz heyvanları üçün xasdır. Bununla belə, bir sıra gecə növləri də görmə orqanları ilə
istiqamət götürür, çünki mütləq qaranlıq şəraitində yaşayan heyvanlara çox az rast gəlinir.
Gün ərzində işıqlanma günəşli saatların miqdarından asılıdır. Günəşli saatların miqdarı helioqraf vasitəsilə
təyin edilir (şəkil 1.12). Bu cihaz günəş parıltısının davamiyyətini ölçmək prinsipinə əsaslanır.
Fotosintez prosesində işıq enerji mənbəyi kimi çıxış edərək ondan piqment sistemində (xlorofil) istifadə
olunur. Lakin fotosintezdə spektrin bir hissəsindən (380 nm-dən 760 nm-ə qədər) istifadə edilir, buna
fizioloji aktiv radiasiya (FAR) deyilir. Bunların daxilində fotosintez üçün qırmızı-çəhrayı (600-700 nm) və
bənövşəyi-mavi (400-500 nm) şüalar daha böyük əhəmiyyətə malikdir, sarı-yaşıl şüalar (500-600) az əhəmiyyət
daşıyaraq xlorofildaşıyan bitkilərə yaşıl rəng verir
Ultrabənövşəyi şüalar gözlə görünməyən qısadalğalı şüalardır. Yer səthinə ultrabənövşəyi şüaların yalnız
təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır.