Passatların
təsirinə daha çox məruz qalan materiklər Afrika,
Avstriya və Cənubi Amerikadır.
Qərb küləkləri tropik yüksək təzyiq qurşağından mülayim enliklərin alçaq təzyiq qurşağına doğru əsən və şərqə meyllənən daimi küləklərdir. Şimal-şərq və Cənub-şərq küləkləri qütb enliklərinin yüksək təzyiq qurşaqlarından mülayim enliklərin alçaq təzyiq qurşaqlarına doğru əsən daimi küləklərdir. Siklonlar (yunanca “fırlanan”) mərkəzində alçaq, kənarlara doğru təzyiqin artması müşahidə olunan qapalı təzyiq sahəsində yaranan küləklərdir. Siklonda hava şimal yarımkürəsində saat əqrəbinin hərəkətinin əksi, cənub yarımkürəsində isə saat əqrəbi hərəkətinin istiqamətində fırlanır. Siklonun əraziyə daxil olması temperaturu aşağı salır, buludlu, yağıntılı, küləkli hava şəraiti yaradır. Mülayim qurşaqda siklonlar qərb küləklərinin təsiri altında Qərbdən Şərqə doğru hərəkət edir. Tropik siklonlar daha güclü olur və fəlakətli dağıntılara səbəb olur (Şimali Amerikada tornado, Şərqi Asiyada tayfunlar). Antisiklon (“anti”-əks) mərkəzində yüksək, kənarlara doğru alçalan qapalı təzyiq sahəsidir. Antisiklonun mərkəzində buludsuz, aydın, durğun, tam sakit hava (şələkət) olur. Arktika, Antarktida, Şərqi Sibir üzərində çox müşahidə olunur. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində saat əqrəbinin əksi istiqamətində fırlanır. Antisiklonda hava aydın, buludsuz, yağıntısız olur. 1.2.3. Günəş radiasiyası Günəş yer səthi üçün yeganə istilik və işıq mənbəyidir. Günəş enerjisi günəşdən daxil olan şüalanma nəticəsində yaranan enerjidir. Günəş enerjisinin orta intensivliyi 2 kal/sm2 1 dəq. (günəş konstantı) təşkil edir. Yer səthinə gəlib çatan istilik və işıq günəş radiasiyası nəticəsində baş verir (şəkil 1.11). Bütün orqanizmlərin həyat fəaliyyəti proseslərini yerinə yetirmək üçün daxil olan enerjinin əsas mənbəyi günəş radiasiyası sayılır, bu yerin enerji balansının 29,9%-ni təşkil edir. Yer səthinə düşən günəş enerjisini 100% qəbul etsək, onun təxminən 19%-i atmosferdən keçərkən udulur, 34%-i geriyə kosmik fəzaya əks olunur, 47%-i isə düz və səpilən radiasiya şəklində yer səthinə daxil olur (şəkil 1.11). |