Şəkil 1.9. Küləyin əmələ gəlməsi
1.2.2. Külək
Külək havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru üfüqi istiqamətdə
yerdəyişməsidir (şəkil 1.9). Qısa şəkildə desək, külək havanın üfüqi istiqamətində
hərəkətidir. Küləyin istiqaməti onun haradan əsməsi ilə təyin olunur. Hər hansı
məntəqədə hakim küləklərin müəyyən vaxt ərzində (il, ay) təkrarlanmasını təyin
etmək üçün “külək gülü” qrafikindən istifadə olunur. Küləyin sürəti m/san və ya km/
saatla ölçülür. Küləyin sürəti iki sahə arasında təzyiq fərqindən asılıdır. Küləyin gücü
küləyin hərəkət istiqamətinə perpendikulyar olan səthə göstərdiyi ağırlıq qüvvəsidir.
Küləyin gücü 12 ballıq Bofort şkalası ilə ölçülür. Küləyin gücü onun sürəti ilə düz
mütənasibdir.
Küləyin istiqaməti flügerlə, sürəti isə anemometrlə təyin olunur (şəkil 1.10).
Küləyin sürəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/
san-yədək olur. Günəş radiasiyasından sonra əsas iqlim əmələgətirici amillərdən biri
hava kütlələridir. Troposferdə hava kütlələrinin üfüqi və şaquli istiqamətdə planetar
miqyasda hərəkətlərinin məcmusu atmosferin ümumi sirkulyasiyası adlanır.
Yer səthinin quru və su sahəsi, relyef mürəkkəbliyi, təzyiq sahəsi və qurşaqlarının
müxtəlifliyi mürəkkəb sirkulyasiya yaradır. Bunlardan asılı olaraq müxtəlif küləklər
yaranır. Küləklər müvəqqəti, mövsümi və daimi olur. Ümumi atmosfer dövranı
(passatlar, mussonlar), yerli hava dövranı (dağ-dərə küləkləri və s.), yerli küləklər və s.
küləklər məlumdur.
Brizlər sutkada iki dəfə istiqamətini dəyişən sahil küləkləridir. Onlar, əsasən, sahil
zonasına təsir edir və zəif küləklərdir.
Mussonlar (ərəbcə-mövsüm) ildə iki dəfə istiqamətini dəyişən küləklər olub, yay
mövsümündə rütubətli, qış mövsümündə quru olması ilə səciyyələnir.
Passatlar tropik yüksək təzyiq qurşaqlarından ekvatorial alçaq təzyiq qurşağına
doğru əsən daimi küləklərdir. Yer öz oxu ətrafında fırlanması nəticəsində yaranan
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola doğru
istiqamətlənir.