Elektrik üsulu, burada materialların istilikdən asılı olaraq elektrik müqavimətlərindən
istifadə edilir.
Dolayı yolla, burada materialın temperaturdan asılı olaraq halından istifadə edilir
(istilik kameraları).
Biz havanın temperaturunu bilməklə bir çox kənd təsərrüfatı tədbirlərinin aparılma
vaxtını müəyyən edə bilərik. Məsələn, havanın temperaturu bitkilərin inkişafına
təsir göstərir və bir çox fizioloji proseslər optimal temperatur şəraitində baş verir. Bu
baxımdan mövsümə uyğun olaraq, havanın optimal temperaturunda kənd təsərrüfatı
bitkilərinin səpin müddətləri müəyyən olunur. Bundan başqa, temperatur 10°C
yüksəldikdə fotosintez prosesinin intensivliyi iki dəfə artır, bu +30-35°C-yə qədər
müşahidə olunur, lakin temperaturun sonrakı yüksəlməsi nəticəsində fotosintezin
intensivliyi aşağı düşür, +40-45°C-də isə bu proses dayanır.
İstənilən canlı orqanizmin normal fəaliyyəti üçün maksimum və minimum temperatur
hüdudu var. Bu hüduddan kənarda, canlı orqanizmlər istidən və ya soyuqdan məhv
olurlar. Optimal temperatur intervalında canlı orqanizmlər özlərini rahat hiss edirlər.
1.1.2. Havanın rütubəti (nəmliyi)
Havanın rütubəti - havada olan su buxarının miqdarıdır. Bu göstərici hava və iqlimi
müəyyən edən kəmiyyətlərdən biridir. Məsələn, temperatur və rütubətlilik qarşılıqlı
təsir göstərərək ən mühüm iqlim faktorları hesab edilir və iqlimin “keyfiyyətini” təyin
edir. Mövsüm ərzində yüksək rütubətlilik temperaturun kəskin dəyişməsini azaldır,
bu, dəniz iqlimi sayılır. Havanın yüksək quraqlığı, yəni rütubətin aşağı düşməsi,
temperaturun kəskin dəyişməsinə gətirib çıxarır, bu isə kontinental iqlim hesab olunur.
Havanın nəmliyi, əsasən, su buxarının təzyiqi, mütləq rütubət (1 m3 havada olan su
buxarının qramla miqdarı), nisbi rütubət, şeh nöqtəsi (havanı izobarik soyutduqda su
buxarının doyma halına uyğun temperaturu) və s. göstəricilərlə ifadə edilir.
Havadakı su buxarı havanın rütubətini əmələ gətirməklə yanaşı, müəyyən şəraitdə
dəyişilərək yağıntıya çevrilir (şəkil 1.3). Bu su buxarının kondensasiyası (qaz haldan
maye hala keçmə) zamanı baş verir. Su buxarı atmosferin alt qatında mövcuddur.
Şəkil 1.3. Buxarın yağıntıya
çevrilməsi və əksinə suyun dövranı