Beləliklə, Şuşada yaradılan qəza məktəbi
də şəhər məktəbinə çevrildi.
Əsrin ikinci yarısından etibarən "Üsuli-cədid"
(yeni üsul) məktəbləri yaradıldı.
"Üsuli-cədid" bu dövrdə geniş yayılmış
pedaqoji cərəyan idi. Məktəblərdə təlim
ana dilində aparılır, ümumtəhsil xarakteri
daşıyırdı. Belə məktəblərdən
biri də Mir Möhsün Nəvvab tərəfindən
Şuşada açılmışdı. Maarif xadimlərinin
ən mühüm vəzifələrindən biri də ana
dilində dərsliyin yaradılması idi. Azərbaycan
dili üzrə tədris vəsaitini kənd
müəllimləri də hazırlayırdı. Belə dərsliklərdən
biri Cəbrayıl qəzasının Qarğabazar
kənd məktəbinin müəllimi tərəfindən
hazırlanmış "Tatar (Azərbaycan
– red.) dili rəhbərliyi" dərsliyi idi. XX əsrin
əvvəllərində azərbaycanlı qızlar
üçün məktəblər də açılırdı. Hacı Zeynalabdin
Tağıyevin Bakıdakı qız məktəbindən
sonra digər bölgələrdə olduğu
kimi, Şuşada və Qarğabazar kəndində
də belə məktəblər açılmışdı.
Qarabağ
abidələri
Azərbaycanda insanların yaşadığı
ən qədim mağaralardan biri olan
Azıx mağarası dünyanın qədim insan
məskənlərindən biridir. Azıx mağarası
Qarabağın Xocavənd rayonunun Azıx
kəndində yerləşir.
Bu yaşayış məskəni Azərbaycanın,
o cümlədən Qarabağın insanlığın ilk
vətənlərindən biri olduğunu sübut edir.
1960-cı illərin əvvəllərində arxeoloq
Məmmədəli Hüseynovun rəhbərlik etdiyi
ekspedisiya Azıx mağarasını kəşf etdi.