Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: 1989-cu ilin yanvarında "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul edildi. Məqsəd aydın idi: yaradılmış qurum muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Məhz bu dövrdə Sovet ordusunun köməyi ilə silahlı erməni quldurları Xankəndidən bütün azərbaycanlıları (təxminən 15 min nəfər) qovub çıxardı. Azərbaycan xalqının mübarizəsi nəticəsində 1989-cu ilin noyabr ayında Xüsusi İdarə Komitəsi ləğv edildi. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qanunazidd qərar qəbul etdi. Bu, Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı qeyri-qanuni müdaxilə aktı idi. Sovet rəhbərliyi gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Bakı əsas hədəf seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Şəhərə ən müasir texnika və silahlarla silahlanmış iri qoşun hissələri yeridildi. Bakı qırğınında canlı qüvvə kimi erməni mənşəli əsgər və zabitlərdən də geniş istifadə olundu. Bu faciədə 131 nəfər şəhid oldu, 700-dən çox şəxs yaralandı. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə, milli istiqlaliyyət və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. |
Bakıdan sonra Sovet qoşunları Neftçala, Lənkəran və digər yerlərdə də mülki şəxsləri qətlə yetirdi. Qanlı Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü, 744 nəfər yaralandı. |