Tarixi Azərbaycan torpaqlarına, o cümlədən Qarabağın dağlıq hissəsinə Ermənistanın iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş məkrli və işğalçı planlarının tərkib hissəsidir. Ona görə də ermənilər, bir qayda olaraq, əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması üçün separatçı hərəkata başlamışlar. 1985-ci ildə SSRİ-də ermənipərəst Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları növbəti dəfə fəallaşdılar. Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçı-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana ilhaq etmək planını həyata keçirmək üçün M.Qorbaçov ilk addım olaraq 1987-ci ildə onun qarşısında ən böyük maneə olan Heydər Əliyevi sovet rəhbərliyində tutduğu vəzifədən uzaqlaşdırdı. Bu amil Moskvanın birbaşa ermənipərəst mövqe tutacağını göstərdi. Bundan az sonra əvvəllər gizli fəaliyyət göstərən İrəvandakı erməni millətçi "Qarabağ komitəsi", Xankəndidəki "Krunk" təşkilatı yenidən açıq fəaliyyətə keçdi. Beləliklə, Qarabağın dağlıq hissəsinin işğalı üçün separatçı-terrorçuluq fəaliyyəti başlandı. Erməni millətçiləri SSRİ rəhbərliyi və dünya erməni lobbisinə arxalanırdı. |
1987-ci ilin payızında İrəvanda millətçi "Qarabağ komitəsi"nin ilk mitinqi keçirildi. Bu, Qarabağa köçürülüb yerləşdirilən ermənilərin öz müqəddəratını təyinetmə hərəkatı deyildi. Bu, Ermənistanın məhz işğalçı niyyətini sübut edən fakt idi. Hadisələr 1988-ci ilin fevralından sonra daha aqressiv məcraya yönəldi. Xankəndidə erməni separatçıları və millətçilərinin mitinqləri başladı. Bir neçə gün sonra keçirilən mitinqdə ilk dəfə olaraq "saqqallılar" adlanan xüsusi hərbi dəstənin üzvləri də iştirak etdilər. Ermənistandan göndərilən tapşırıqlara uyğun olaraq "saqqallılar"ın zorakı səyləri nəticəsində vəziyyət daha da gərginləşdi. DQMV-nin Xalq Deputatları Sovetinin fövqəladə iclasında bölgənin Ermənistana birləşdirilməsi ilə bağlı təklif müzakirəyə çıxarıldı. |