Müharibə zamanı gördüyümüz işlər bu gün
aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir.
Bu haqda məndə dəqiq məlumat var. Bizim
xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar
ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində
Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar
öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə
qədər dünyada heç kim bu taktikadan istifadə
etməyib. Burada bütün vacib amillər bir məqsədi
güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr
vuraraq, düşmənin ordusunu faktiki olaraq
məhv edərək hədəfə çataq və belə də oldu. Biz
sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq,
sonra hücum əməliyyatına keçdik. Çünki
biz torpaqlarımızı azad etməli idik. Ermənistanın
təxribatlarına son qoyulmalı idi. Günahsız insanların
həlak olmasına son qoyulmalı idi və əks-hücumdan
sonra hücum edən tərəf, adətən, daha
çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin
miqyasına görə həddindən çox aşağıdır. Hər bir
şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması
böyük faciədir, onun özü üçün, yaxınları üçün,
qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik
ki, biz istədiyimizə az itkilərlə nail olduq.
Məhz buna görə ola bilər bəziləri hesab edir ki,
bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki
44 gün ərzində bu ərazini işğaldan azad etmək və
düşməni məhv etmək, düşmən ordusunu məhv etmək,
düşməni təslim olmağa məcbur etmək böyük
qəhrəmanlıqdır.
Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az
olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz
addımlar da kifayət qədər çox idi. İstifadə
etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün
yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha
geniş məlumat veriləcək. Ancaq bu gün də artıq
xarici mətbuata sızılan məlumatlar da onu göstərir
ki, bu müharibə hərbi ekspertlər tərəfindən çox
ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq,
planlaşdırma, güclü iradə, milli ruh, texniki
təchizat - bütün bu amillər birlikdə və xalq-iqtidar
birliyi bizim Qələbəmizi şərtləndirdi.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev