XIX əsrin birinci yarısında Qafqazı işğal etmək uğrunda gedən müharibələrdə çar
Rusiyası öz istəyinə çatdı. Rusiyanın müvafiq olaraq Qacarlar dövləti və Osmanlı im-
periyası ilə imzaladığı Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələri nəticə-
sində tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi prosesi genişlən-
di. Çar hökuməti bu addımı ilə işğal etdiyi yeni ərazilərdə özünə dayaq yaratmaq
məqsədi güdürdü. Sonrakı dövrlərdə də erməni mənşəli əhalinin Azərbaycan tor-
paqlarına köçürülməsi davam etmişdi. Gəlmə əhali məhsuldar torpaqlarda yerləşdiri-
lir, onların rahat yaşaması üçün hər cür şərait yaradılırdı. Beləliklə, çarizmin köçürmə
siyasəti Azərbaycanın şimal torpaqlarında, o cümlədən keçmiş Qarabağ xanlığı əra-
zisində erməni əhalisinin sayının süni surətdə artmasına səbəb oldu. Bu da öz növ-
bəsində gəlmə əhalidə əsassız ərazi iddialarının formalaşmasına şərait yaradırdı.
XX əsrin əvvəllərində çar Rusiyasının dağılması və Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin meydana gəlməsi xaricdə güclü dayaqlara malik erməni siyasi dairələrinin iştahını artırdı. Tarixi torpaqlarımızda – keçmiş İrəvan xanlığı ərazisində dövlət qurmalarına baxmayaraq, zorən qonşularımız Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları irəli sürməkdən çəkinmədilər. Bu dəfə onların hədəfi Qarabağ idi. 1920-ci ildə Qarabağda qiyam qaldırıldı, buraya erməni quldur dəstələri yeridildi. Lakin yeni yaradılmış Cümhuriyyət ordusu bu qiyamı yatırdı və Qarabağı təcavüzkar basqınlardan qorudu.
Təəssüf ki, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi, Moskvanın və ermənilərin də təzyiqləri nəticəsində Qarabağın dağlıq hissəsində erməni əhalisi üçün muxtariyyətin yaradılması qərarı verildi. 1920-ci il noyabr ayının 30-da Qərbi Zəngəzurun yuxarı hissəsinin Ermənistan SSR-ə verilməsi elan edildi. Bundan başqa, 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı və beləliklə, gələcək münaqişənin əsası qoyuldu. Az sonra Xankəndi şəhəri yeni yaradılan muxtar vilayətin inzibati mərkəzinə çevrildi. Maraqlıdır ki, vaxtilə Qarabağda məskunlaşdırılmış erməni əhalisinə muxtariyyət hüququ verilsə də, bəhs edilən dövrdə Ermənistan SSR-də yaşayan çoxsaylı azərbaycanlı əhali üçün belə hüquq tanınmadı.
Azərbaycan SSR-in tərkibindəki DQMV-də yaşayan ermənilər XX əsrin 40-cı illərindən etibarən erməni lobbisinin təhriki ilə Ermənistan SSR-ə birləşmək üçün bir neçə dəfə SSRİ rəhbərlərinə müraciətlər etmişlər. Lakin 1988-ci ilə qədər sovet rəhbərliyi bunun bütün SSRİ-də milli münaqişələrin alovlanacağına səbəb olacağını anlamış, bu təklifləri rədd etmişdi.
Ancaq XX əsrin 80-ci illərində sovet rəhbərliyinə gələn M.Qorbaçov erməni millətçilərinin separatçı hərəkətlərinə göz yumdu. Beləliklə, silahlı münaqişəyə şərait yaradıldı.