"Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə
aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı mülki əhaliyə,
Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur.
Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin
edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı
planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil
edilirdi – gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı
nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında
idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada
məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi
birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində
yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan
kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu,
bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün.
Düşmən bizi bu tərəfdən gözləyirdi. Çünki təbii ki, düşmən bilirdi Şuşa azad edilməmiş müharibə
dayana bilməz. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra
bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa
yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim
qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb
və Şuşanı işğaldan azad ediblər. Onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd
rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər. Biz isə Şuşaya başqa yolla getdik.
Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini
azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa
şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri
azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev