Azərbaycan Ordusunun baş leytenantı Adil Asəf oğlu İbrahimli
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı
Murovdağ döyüşlərində, həmçinin Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, noyabrın
7-də Şuşa döyüşləri zamanı şəhid olmuş, II Fəxri xiyabanda dəfn
edilmişdir.
Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması zamanı düşmənin
məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə
yetirən zaman qəhrəmanlıq, mərdlik və şəxsi igidlik nümayiş etdirmişdir.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin
sərəncamlarına əsasən Adil İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı"
adı verilmiş, o, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına
görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Öz həyat yoldaşının – Adilin nəşini çiynində daşıyan Nargül xanım deyir ki,
qardaşım Elton Qənbərli
şəhid olanda ağlayırdım. Həyat yoldaşım Adil mənə dedi ki, "Elton şəhid olduğu üçün ağlama, o ən
uca məqamdadır. Sən ona görə ağla ki, mən sağam".
Nargül xanım ona söz verir. Son məqamda Adili çiyinlərində daşıyanda belə göz yaşı axıtmayıb, məğrur
şəkildə dik dayanır…