Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2021-ci il 7 may tarixli
sərəncamı ilə Şuşa şəhərini ölkənin
Mədəniyyət paytaxtı elan etdi. Bu
sərəncamla "Vaqif poeziya günləri" və
"Xarıbülbül" festivalı da bərpa olunmuş
hesab edildi.
2021-ci il mayın 12-i və 13-də Heydər
Əliyev fondunun təşkilatçılığı ilə Şuşada
festival uzun müddətdən sonra yenidən
başlandı.
Festivalda Azərbaycanda yaşayan
müxtəlif xalqların musiqi kollektivlərinin
çıxışı, xalq və klassik musiqidən
ibarət proqram təqdim edildi.
Tədbirdə bir sıra ictimaiyyət və mədəniyyət
xadimləri, Qarabağdan, o cümlədən
Şuşadan olan tanınmış şəxslər
iştirak etdi. Açılış mərasimində Qarabağ
şikəstəsi səsləndirilərkən konsert
iştirakçıları musiqinin həzin səsindən
kövrəldi. Xalq artisti Polad Bülbüloğlunun
ifası ayaq üstə alqışlandı.