|
Hər gün radio, televiziya və müxtəlif informasiya vasitələrində hava haqqında məlumatlar verilir. Burada havanın yaxın bir sutka ərzində necə dəyişməsi qabaqcadan xəbər verilir. Onlar xüsusi olaraq yaradılmış stansiyalarda öyrənilir, təhlil olunur, bəzi məlumatlar xəritəyə köçürülür. |
|
Havanın göstəriciləri üzərində müşahidələr daim aparılır. Bunun üçün xüsusi olaraq meteoroloji stansiyalar təşkil olunur. Bu stansiyalarda havanın temperaturu, atmosfer təzyiqi, rütubətlilik, küləyin sürəti və istiqaməti, atmosfer yağıntılarının ölçülməsi üçün cihazlar və digər avadanlıqlar quraşdırılır.
Havanın göstəriciləri haqqında məlumatların toplanması onların qabaqcadan xəbər verilməsi çox vacibdir. Təsərrüfatın müxtəlif sahələrində bu məlumatlardan istifadə edilir. Kənd təsərrüfatı işlərinin aparılmasında, nəqliyyat sahələrində (təyyarələrin və gəmilərin hərəkətinin təşkilində), ətraf mühitə nəzarətin həyata keçirilməsində, turizm təsərrüfatında meteoroloji stansiyalardan alınan məlumatlar və onların qabaqcadan müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Ona görə hava haqqında dəqiq məlumatların əldə olunması və bu sahədə informasiya mübadiləsi vacib sayılır.
Meteoroloji stansiyalarda əvvəllər olduğu kimi, hazırda da ənənəvi üsullarla cihazların köməyi ilə hər 3 saatdan bir hesablamalar aparılır, cihazların göstəriciləri qeydə alınır.