Sutka ərzində hava bir neçə dəfə dəyişir. Yazda və payızda bu dəyişmələr daha tez-tez baş verir. Səhər Günəş üfüqdə görünür, günortaya doğru havanın temperaturu yüksəlir. Ona görə yuxarı qalxan hava axını su buxarını da yuxarı aparır. Günortadan sonra güclü külək əsir, sonra yağış yağır. Axşama doğru hava yenidən sakitləşir, buludluq azalır və aydın hava əmələ gəlir. Belə hava şəraiti hər gün təkrar olunmasa da, ilin əksər vaxtları üçün səciyyəvi ola bilər. |
|
|
Hər bir məntəqənin özünəməxsus hava rejimi və göstəriciləri vardır. Onlar heç vaxt təkrarlanmır, az vaxt ərzində tez-tez dəyişir. Günəş radiasiyası, temperatur, rütubətlilik havanın elementləri, küləyin sürəti və istiqaməti, buludluq, yağıntıların miqdarı əsas göstəricilərdir. Bu göstəricilər birlikdə havanın meteoroloji vəziyyətini müəyyən edir.
Müəyyən ərazidə hazırkı vaxtda və ya müəyyən müddət ərzində troposferin aşağı hissəsinin meteoroloji vəziyyəti hava adlanır. Hava proqnozu çox vaxt bir sutka üçün müəyyən edilir, lakin bir neçə gün, on gün, bir ay, mövsüm üçün də qabaqcadan havan proqnozunun müəyyən edilməsi mümkün olur. Havanın öyrənilməsi və proqnozunun verilməsi ilə sinoptiklər məşğul olur.
Ekvatora yaxın ərazilərdə il boyu havanın sutkalıq göstəricilərinin gedişi təxminən eyni olur. Bu enliklərdə səhər Günəş çıxmazdan əvvəl sərin və sakit hava hökm sürür. Sonra Günəş üfüqdə yüksəlir, havanın temperaturu artır, suyun buxarlanması güclənir. Saat 15.00-16.00-ya qədər qızmar hava şəraiti müşahidə olunur. Sonra səmada topa və topa-yağış buludları əmələ gəlir, bir neçə saat leysan yağışları yağır. Axşama doğru hava sakitləşir, aydın olur. Bu ərazilərdə isti və rütubətli hava il boyu demək olar ki, hər gün təkrarlanır. Burada gecə və gündüz arasında temperatur fərqləri azdır.