Dolu yağması dağlarda və dağətəyi ərazilərdə müşahidə olunur. Onun yaranması yazda və yayın əvvəllərində tez-tez müşahidə olunur. Dolu kənd təsərrüfatı əkinlərinə ciddi ziyan vurur. Bu zaman əsən güclü külək və leysan yağışları da dağıntılara səbəb olur. Ona görə dolunun qabaqcadan xəbər verilməsi ilə onu əmələ gətirən buludların dağıdılması mümkündür.
Axşamüstü və gecələr yer səthinə yaxın havanın temperaturu aşağı düşür. Ona görə də yuxarı qalxan hava axınları yaranmır. Belə vəziyyətdə su hövzələrindən, torpaq səthindən və bitkilərdən buxarlanan su aşağı qatlarda toplanır. Bu zaman havanın temperaturunun azalması nəticəsində su buxarının kondensasiyası baş verir və şeh əmələ gəlir. Bu proses nəticəsində yaranan su damcıları yağıntı formasında Yer səthinə, əşyalara, bitkilərin üzərinə çökür. Şeh, əsasən, yazın sonu və payızın əvvəllərində müşahidə olunur, çünki bu vaxtlarda gecə ilə gündüz arasında temperatur fərqi böyük qiymətlər alır.
Şeh |
Gündüz havanın temperaturu müsbət, gecə mənfi olduqda, buludsuz, küləksiz şəraitdə havadakı su buxarı soyuq səthə təmas etdikdə su buxarı maye hala keçmədən birbaşa buz kristallarına çevrilir. Bu zaman qırov əmələ gəlir. Qırov payızın axırı, qışda və yazın əvvəllərində, havanın temperaturu 0°C-dən aşağı olduğu zaman yaranır. Əmələ gələn buz kristalları otlar, budaqlar, gölməçələrdə olan buz qatının üzərində toplanır.
Qırov |