Hava müəyyən miqdarda su buxarını özündə saxlaya bilir. Atmosferdə olan su buxarının miqdarı havanın rütubətliliyi adlanır. O, mütləq və nisbi rütubətlilik göstəriciləri ilə müəyyən edilir. 1m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır. İsti hava soyuq havaya nisbətən daha çox su buxarını saxlaya bilir. Ona görə mütləq rütubətlilik temperaturdan asılıdır, havanın temperaturu yüksəldikcə, 1m3 havada toplanan suyun miqdarı da artır.
Nisbi rütubətlilik havanın nə qədər su buxarı ilə doymasını göstərir və faizlə ölçülür. Havanın soyuması zamanı buxarlanan suyun maye hala keçməsinə kondensasiya deyilir. Hava qızaraq yuxarı qalxarkən, isti və soyuq hava qarşılaşdığı zaman soyuyur. İsti hava axını soyuq əraziyə gedərkən və ya soyuq hava isti sahəyə daxil olarkən də onun soyuması və kondensasiyası müşahidə olunur.
Formasına görə buludlar 3 əsas qrupda birləşir. Onlara laylı, topa və lələkli buludlar aiddir. Buludların hər birinin müxtəlif növlərə ayrılır. Onlar yer səthindən 2-3 km-dən 6 km-ə qədər və daha yuxarı qatlarda toplanır.
İsti hava tədricən soyuq havanın üzərinə hərəkət edir, yavaş-yavaş yuxarı qalxır. Bu zaman, laylı buludlar əmələ gəlir. Alçaq, boza çalan laylı buludlar səmanı örtərkən hava tutqun olur. Onların hündürlüyü 2 km-ə qədər qalxır, laylı-topa və laylı-yağış formaları ayrılır. Laylı- yağış buludlardan uzunmüddətli yağışlar və ya qar yağır. Bəzən geniş ərazilərdə laylı buludlar səmanı tamamilə örtür, Günəş görünmür. Ona görə belə vəziyyətdə qışda hava mülayim, yayda sərin keçir. Bəzən buludlarda laylar boz kölgəsi olan iri təpələr formasında görünür. Onlar laylı-topa buludlar adlanır. Həmişə rəngsiz olur, ağ rəngdə görünür, günəş şüaları keçə bilmədiyinə görə aşağı hissəsi sıx və tünd rəngli olur. |
Yazda, yayda və payızda yer səthi çox qızır və buxarlanan suyun miqdarı artır. Qızmış yer səthindən yuxarı qalxan güclü hava axını ilə birlikdə su buxarı 2-3 km və daha yuxarı qalxır. Nəticədə topa buludlar əmələ gəlir. Hava axını sürətlə yuxarı qalxarkən topa buludlar 10 km-ə qədər yüksələ bilir. Əmələ gələn buludlar tünd rəngdə olub, səmanı tamamilə örtür. Onlar topa-yağış buludları adlanır, leysan yağışlarının və dolunun yağmasına səbəb olur. |