Atmosferdə olan havanın şaquli və üfüqi hərəkətləri su buxarının da yerdəyişməsinə səbəb olur. Bu zaman yağıntılar düşür, onların gətirdiyi sular yer üzərində çayları, gölləri, buzlaqları qidalandırır, torpaq və bitki örtüyünün əmələ gəlməsinə şərait yaradır.
Atmosferin təbəqələri. Yer səthindən yuxarıya doğru atmosfer təbəqələrə ayrılır. Yerə yaxın olan aşağı təbəqə troposfer adlanır. Onun hündürlüyü ekvatorda 18 km, orta enliklərdə 10-11 km, qütblərdə 8-9 km yüksəkliyə qədər qalxır. Yerə yaxın olduğuna görə havanın ümumi kütləsinin 80%-ə qədəri troposferdə toplanır.
Troposfer istiliyi Yer səthindən alır. Bu səbəbdən yuxarı qalxdıqca havanın temperaturu azalır. Troposferin aşağı qatlardan qızması nəticəsində yuxarıya doğru hava axını əmələ gəlir. Bu zaman, su buxarı da yuxarı qalxır və buludlar əmələ gəlir. Atmosferdə olan su buxarının demək olar ki, hamısı troposferdə toplanır.
Havanın qızması və yuxarı qalxması
|
Müxtəlif səth örtüyünün qızması
|