Yer üzərində əmələ gələn dağlar daimi olaraq uçulub dağılır, onu təşkil edən süxurlar ovulur, aşınır, xırdalanır. Əmələ gələn qırıntılar axar suların, buzlaqların, küləyin fəaliyyəti ilə, həmçinin, süxurların ağırlığından alçaq yerlərə daşınır və orada toplanır. Nəticədə dağların yavaş-yavaş uçulması və alçalması ilə yanaşı, dərələr və su hövzələri də dolur və hamarlanır. Baş verən proseslər onların arasındakı hündürlük fərqinin azalmasına gətirib çıxarır. |
|
|
Yer səthində və ya ona yaxın sahələrdə temperaturun dəyişməsi, atmosferin, suyun və orqanizmlərin kimyəvi təsiri ilə dağ süxurlarının parçalanması, xırdalanması və kimyəvi dəyişməsi aşınma adlanır. Yer səthində relyef formalarının əmələ gəlməsində, torpaq örtüyünün formalaşmasında aşınma mühüm rol oynayır. O, möhkəm süxurların parçalanmasına və daşınma üçün hazır olmasına şərait yaradır. Onlar daşınıb çökdürüldükdən sonra müxtəlif relyef formaları əmələ gəlir. Temperatur və rütubətlənmənin müxtəlifliyi, bitki örtüyünün yayılma şəraitindən asılı olaraq, aşınma fiziki, kimyəvi və üzvi formalara ayrılır.
Fiziki (mexaniki) aşınma. Süxurlar uzun müddət fasiləsiz olaraq istidən genişlənir, soyuqdan isə sıxılır. Bu proses nəticəsində kövrək süxurların səthində çatlar əmələ gəlir və xırdalanır. Fiziki aşınma zamanı süxurlar isti və quru iqlim şəraitində temperaturun dəyişməsi və küləyin təsiri ilə kimyəvi tərkibi dəyişmədən mexaniki yolla parçalanır və kiçik hissələrə bölünür. Fiziki aşınma səhralarda, yarımsəhralarda və quraq ərazilərdə daha intensiv gedir.