Yunan dilindən tərcümədə “coğrafiya” – “geo” – "yer", “qrafos” – "təsvir edirəm" deməkdir. Uzun illər ərzində coğrafiya elmi təsviri xarakter daşımış və fiziki coğrafiyadan ibarət olmuşdur. XVIII əsrin ortalarında fəaliyyət sahələrini və əhalini öyrənən iqtisadi coğrafiya yaranmışdır. Hazırda coğrafiya yer səthinin təbiətini, əhalisini və insanların fəaliyyət sahələrini öyrənən elmdir. Bu elm sahəsi təbiətdə və cəmiyyətdə baş verən hadisələri, onların səbəb və nəticələrini, müxtəlif səbəblərdən yaranan ekoloji problemləri öyrənir. |
|
Fəaliyyət:
|
Bu məlumatlar hansı əhəmiyyətə malikdir?
|
İnsanlar təbiətin bir hissəsi olmaqla, onun bütün elementləri ilə sıx əlaqəlidir. Onlar təbiətə təsir edir, özü də təbiətin təsirinə məruz qalır. Hazırda texnika, texnologiya və istehsal sahələri inkişaf etmiş olsa da, insanların təbiətdən asılılığı qalmaqdadır.
Dünya əhalisinin sayı davamlı olaraq artır, onların ərzaq, su, yaşayış yerləri və geyimə olan tələbatı çoxalır. Yeni şəhər və kəndlərin salınması ilə bərabər, mövcud olan məntəqələrin də ərazisi genişlənir. Bu zaman coğrafiya elminin məlumatları geniş şəkildə istifadə olunur.
Yaşayış yerlərinin seçilməsi, istehsal və xidmət sahələrinin yerləşdirilməsi, kənd təsərrüfatı işlərinin aparılması üçün lazımi yerlər coğrafi məlumatlar əsasında müəyyən edilir.
Əhalinin yaşayışını təmin etmək üçün istifadə edilən faydalı qazıntılara və ərzaq məhsullarına tələbat daim artır, lakin onlar tükənməz deyildir. Normadan artıq istifadə edilməsi ekoloji tarazlığı pozur, ərazilər yaşayış üçün yararsız hala düşür.
Bu gün dünyada insan ayağı dəyməyən yerlər yoxdur. Ərazilərin mənimsənilməsi, insanların yaşaması üçün şərait yaradılması coğrafi tədqiqatlar olmadan mümkün deyil. Coğrafiya təbiətdən, onun nemətlərindən - meşələr, çaylar, torpaqlar, digər ehtiyatlardan daha yaxşı istifadə edilmə yollarını öyrənir. Təbiətin qorunması üçün yeni biliklərin əldə edilməsində coğrafiya elminin rolu böyükdür.