|
Dağları dünyanın möcüzələr diyarı adlandırmaq olar. Burada əhalinin yaşaması, şəhərlərin, kəndlərin salınması, yolların çəkilməsində çətinliklər yaranır. Dağlıq ərazilər Yer üzərində rütubətin toplandığı, meşələrin yayıldığı, çayların, göllərin, bulaqların yarandığı əsas ərazilərdir. Burada dünyanın ən mühüm turizm və istirahət mərkəzləri yerləşir, təbiət çoxsaylı abidələr, mənzərələr, səfalı yerlər, təmiz havası olan müalicə yerləri yaratmışdır. Ona görə dağlar insanları daim yaşamaq və istirahət üçün özünə cəlb edir. |
|
Yer səthində əmələ gələn bütün alçaq-hündürlüklər relyef (fr. relyef-qabarıqlıq) adlanır. Relyef formaları qabarıq, nisbətən hündür (təpələr, sıra dağlar) və batıq, alçaq (çökəkliklər, çay dərələri) ola bilər.
Yerdə ən böyük müsbət relyef formaları materiklər, ən böyük mənfi relyef formaları okean çökəklikləridir. Materiklərdə relyef dağlar və düzənliklərə ayrılır. Yer səthində ətəyi və zirvəsi arasındakı hündürlük fərqi 200 metrdən çox olan,zirvəsi, yamacları və ətəyi aydın nəzərə çarpan, kəskin |
parçalanmış relyef formasına dağ deyilir. Ərazidə ətəyi və zirvəsi arasındakı hündürlük fərqi 200 m-dən az olan relyef forması təpə adlanır. Dağların ən yüksək nöqtəsi onun zirvəsidir. Zirvə şiş uclu olduqda ona pik deyilir. Pik buzlaqların fəaliyyəti nəticəsində yaranır. Dağların ən yüksək nöqtələrini birləşdirən şərti xətt suayrıcı və ya yal adlanır. Suayrıcı dağın üzərinə düşən yağıntını müxtəlif istiqamətlərə ayırır. Dağların zirvələrini birləşdirən xətt boyu keçid üçün əlverişli olan alçaq yerlər aşırımdır. |
Aşırım dağların bir yamacından digərinə keçməyə imkan verir, onlardan nəqliyyat yolları, boru kəmərləri keçir, bəzən tunellərdə istifadə olunur. Azərbaycanda Baş Qafqaz sıra dağlarında Salavat aşırımı (2915 m), Zəngəzur silsiləsində Biçənək aşırımı (2346 m) vardır. Yamac ilə düzənlik arasındakı maili sahələr ətək, zirvə ilə ətək arasında qalan ərazilər isə yamac adlanır.