Püskürmə zamanı lava ilə birlikdə qazlar, su buxarı, vulkan külü səthə çıxır.
Səthə çıxan vulkan külləri ətraf ərazilərə çökür, bir hissəsi küləklə onlarla, yüzlərlə
km məsafəyə aparılır.
Vulkanların fəaliyyətdə olan və sönmüş növü var. Sönmüş vulkanların
püskürməsi haqqında heç bir məlumat yoxdur. Qafqaz dağlarında Elbrus və Kazbek,
Cənubi Amerikada Çimboraso (6310 m), Afrikada Keniya sönmüş vulkanlardır.
Fəaliyyətdə olan vulkanların çoxu Sakit okean sahillərində yerləşir. Ona
görə də Sakit okeanın sahillərindəki ərazilər Sakit okean “Odlu qurşağı” adlanır.
Avrasiyada Alp dağlarından Himalay dağlarına qədər uzanan qurşaqda da çoxlu
sayda fəaliyyətdə olan vulkan yerləşir. Onların arasında İtaliyada Vezuvi və Etna
fəallığı ilə daha çox fərqlənir. Afrikada Kilimancaro vulkanı, Rusiyada Klyuçi Sopkası,
Sakit okeanda yerləşən Havay adalarında Mauna – Loa vulkanları fəaliyyət göstərir.
Palçıq vulkanları.
Yerin dərin qatlarından yer səthinə su və neftlə birlikdə
palçıq və müxtəlif qazların püskürməsinə palçıq vulkanı deyilir. Onlar neftliqazlı
sahələrdə fəaliyyət göstərir. Palçıq vulkanlarının püskürməsindən əvvəl
yerin dərin qatlarından güclü uğultu səsi eşidilir, sonra partlayışla palçıq, qaz,
müxtəlif süxur qırıntıları havaya atılır. Bəzən onların hündürlüyü 400-500
m-ə çatır. Palçıq vulkanlarının müasir relyefi, adətən, az və ya çox dərəcədə iri
yüksəklik, əsasən də yastı konus formasında olur. Palçıq vulkanları Azərbaycan,
Çin, Misir, ABŞ, İtaliya, Türkmənistan, Rusiya, Pakistan, İran, Venesuela və s.
ölkələrdə geniş yayılmışdır. Azərbaycanda Abşeron yarımadasında, Cənub-Şərqi
Şirvan düzənliyində, Qobustanda və Xəzər dənizində palçıq vulkanlarına rast
gəlinir. Onlardan ən böyüklərinə Torağay, Böyük Kənzə, Güzdək, Axtarma-Paşalı
aiddir.
Zəlzələlər.
Vulkanların püskürdüyü zonalar zəlzələlər baş verən ərazilərlə
üst-üstə düşür. Zəlzələ Yerin daxilində baş verən proseslər nəticəsində Yer
səthinin ani vaxt ərzində yerdəyişməsi və titrəməsidir. Zəlzələnin baş verdiyi yerlər
seysmik ərazilər adlanır. Bu ərazilərə Sakit okean “Odlu qurşağı” və Alp-Himalay
seysmik zonalarını misal göstərmək olar. Zəlzələləri öyrənmək üçün seysmologiya
(yunan sözü olub, seysmos-titrəyiş, loqos-elm) elmi yarandı, lakin hələ də zəlzələni
qabaqcadan proqnozlaşdırmaq mümkün olmamışdır.
Zəlzələ ocağı və dalğalarının yayılması
Fəaliyyət:
|
Zəlzələnin təsərrüfatın hansı sahələrinə ziyanvurma ehtimalı daha çoxdur?
|