Çökmə mənşəli süxurlar Yer səthində əmələ gəlir, ağırlıq qüvvəsinin təsiri ilə qurudakı alçaq ərazilərdə və su hövzələrinin dibində çökür. Bu süxurlar tərkibinə və mənşəyinə görə muxtəlif olur.
Bu süxurların bir qrupunun əmələ gəlməsi möhkəm süxurların aşınma və yuyulma prosesində dağılması, axar sular, buzlaqlar və külək vasitəsilə alçaq sahələrə aparılması ilə əlaqədardır. Daşınma zamanı onlar bir az da xırdalanır, aşınır və cilalanır. Nəticədə qum, gil, çınqıl, lil kimi çökmə süxurları yaranır. Su hövzələrinin dibində mineral maddələrin çökməsi nəticəsində gips, kalium və xörək duzları yaranır.
Göllər, dənizlər, okeanların dibində bitki və heyvan qalıqlarının milyon illər ərzində toplanması ilə kömür, torf, yanar şist, neft, təbii qaz, əhəng daşı, dolomit, fosforit, təbaşir əmələ gəlir.
Fəaliyyət:
|
Çökmə mənşəli süxurlara daha çox harada rast gəlinir?
|
Metamorfik süxurlar yüksək təzyiq və temperatur şəraitində maqmatik və çökmə mənşəli süxurların dəyişməsindən yaranır. Bəzən maqmanın yer qabığı qatlarına daxil olması və ya yer qabığının müəyyən sahələrinin çökməsi nəticəsində süxurlar dəyişilir. Nəticədə onlar yeni xassələrə malik olur. Belə dəyişmə prosesində süxurların kimyəvi tərkibi az, fiziki xassələri isə tam dəyişilir. Metamorfizm prosesi (metamorfoz – yun. çevrilmə) nəticəsində kristallik quruluşlu, möhkəm və davamlı süxurlar yaranır. Bu proses nəticəsində əhəng daşından mərmər, qum daşından kvarsit, qranitdən qneys, gildən gilli şist, kömürdən almaz yaranır.
Fəaliyyət:
|
Metamorfik süxur olan almazdan hansı qiymətli daşı almaq mümkündür?
|