|
– Sabah dağlıq ərazilərdə yağış yağacağı, arabir yağışın leysan xarakterli olacağı, çaylarda sel hadisəsi gözlənilir... – Yeni tapılan neft və təbii qaz yataqları ölkənin enerji təminatını yaxşılaşdıracaq, digər ölkələrdən yanacaq-enerji asılılığını azaldacaqdır... – Bakı şəhərində ətraf mühitin təmiz saxlanılması və əhalinin sağlamlığının qorunması üçün davamlı olaraq tədbirlər görülür... Hər gün radio və televiziyada verilən belə xəbərlər coğrafi məlumatlardan istifadə edilməsinə əsaslanır, coğrafiyanın gündəlik həyatda və geniş sahələrdə istifadəsini göstərir. Bütün bunlar sadə coğrafi biliklərsiz mümkün deyildir. |
|
Qədim insanlar özlərinə yaşayış yeri seçmək üçün oradakı meşələrdə meyvənin, ov etmək üçün heyvanların, içməli suyun olmasını öyrənir, fəlakətli təbiət hadisələrinin az olduğu ərazilərə üstünlük verirdilər. Deməli, insanlar lap qədimdən coğrafi bilikləri öyrənməyə məcbur idilər.
İnsanlar – zəlzələnin, vulkan püskürmələrinin, ildırımın və s.-nin baş vermə səbəblərini bilmədiklərindən onları müxtəlif ilahi qüvvələrin yaratdığını güman edirdilər.
Yer haqqında ilk təsəvvürlər babillərə məxsusdur. Onlar dünyanın bir neçə qatdan ibarət olduğunu, özlərinin mərkəzdə, başqalarının isə göyün üst və ya yerin alt qatlarında yaşadıqlarını deyirdilər. Bizim e.ə. VI əsrdə şumerlər dünyanın dörd cəhətdən ibarət olduğunu və hər cəhətdə bir dünyanın olduğunu bildirirdilər. Onlar Kiçik Asiya yarımadasını mərkəzdə, onun ətrafında isə Qara dəniz, Egey və Aralıq dənizlərinin yerləşdiyini təsəvvür edirdilər.
İnsanlar qədim dövrdə coğrafi
məlumatları sadə alətlərlə toplayırdılar. |
Orta əsrlərdə Yerin kürə şəklində olması haqqında fikirlər məlum idi. Böyük yelkənli gəmilərin hazırlanması insanları yeni quru ərazilərini kəşf etməyə, məlum olan ölkələrə dəniz yolu tapmağa həvəsləndirmişdi. Təbii ki, bu işdə səyyahların və dənizçilərin topladığı coğrafi biliklər çox böyük rol oynamışdı. Çünki onlar gəzdiyi ölkələrin təbiəti, əhalisi, adət-ənənələri, təsərrüfatı haqqında coğrafi məlumatlar toplayırdılar. |