|
Yer səthində baş verən bir çox proseslərin səbəbləri onun daxilində gizlənir. Yerin dərinliyinə doğru getdikcə temperatur artır. İnsanlar daim baş verən zəlzələlərin səbəblərini öyrənməyə çalışmışlar, lakin bu təbii fəlakət öz sirlərini hələlik insanlara vermək istəmir. Ona görə də Yerin daxili qatlarının öyrənilməsi daim maraqlı olaraq qalır. Hələlik Yerin daxili qatlarını neft və təbii qaz üçün qazılan quyular, vulkan püskürmələri ilə səthə çıxan maddələr vasitəsilə öyrənmək olur. |
|
Yerin daxili hissələri nisbətən zəif öyrənilmişdir. Lakin aparılan müşahidələr və həyata keçirilən hesablamalar müəyyən nəticələr əldə etməyə imkan vermişdir. Yerin səthindən mərkəzinə doğru Yer qabığı, mantiya və nüvə təbəqələri ayrılır. Yerin daxilində onun nüvəsi yerləşir. Nüvəyə doğru getdikcə temperatur və təzyiqin artması güman edilir. Nüvə ağır metal olan dəmir və nikeldən təşkil olunmuşdur. Maddələrin temperaturu nüvədə 4000-6000°C-yə çatır. |
Yerin nüvəsinin üzərində yerləşən mantiya qatı təxminən 2900 km qalınlığa malikdir. Yunancadan tərcümədə “üst geyim” mənasını verən mantiyanın əsasən dəmirin birləşməsindən ibarət olması ehtimal olunur. Mantiya planetimizin həcminin 80%-dən çoxunu təşkil edir. Mantiyada olan maddələr yer qabığına nisbətən yüksək temperatura malikdir və 2000°C-yə çatır. Belə yüksək temperatur şəraitində maddələr sıx haldadır.