|
Təbiətdə baş verən mövsümi dəyişmələrin əsas səbəbi Yer səthinə düşən Günəş istiliyi və işığının dəyişməsidir. Bu prosesləri öyrənməklə insanlar öz gündəlik və dövri olaraq dəyişən həyat fəaliyyətini, təsərrüfat işlərini qururlar. Fəsillərin dəyişməsi insanların yaşayışına, iş rejiminə mühüm təsir göstərir. Adətən, hər bir fəslə aid daimi olaraq görülməsi tələb olunan fəaliyyət növləri mövcuddur. Məsələn, qışda yaşayış evlərinin qızdırılması, soyuqdan qorunmaq üçün xüsusi paltarların alınması, bəzi ölkələrdə şəhər küçələrinin qar və buzdan təmizlənməsi üçün tədbirlərin görülməsi lazım gəlir. İsti ölkələrdə qızmar yayda sərinlənmək üçün tədbirlərin görülməsi tələb olunur. Bunları nəzərə alaraq, hər bir ölkə ilin fəsilləri üzrə hava şəraitinin dəyişməsini öyrənir və onun qabaqcadan xəbər verilməsinə çalışır. |
|
Lazım olan ləvazimatlar: dərslik, qlobus, qnomon, telluri, dəftər, karandaş, transportir, dünyanın fiziki xəritəsi.
Yer kürəsində fəsillərin dəyişməsi prosesini, onun səbəbləri və nəticələrini öyrənmək üçün il ərzində günəş şüalarının ayrı-ayrı ərazilərə necə düşməsini izləmək lazım gəlir. Yerin illik hərəkəti zamanı onun Günəşə nisbətən vəziyyəti dəyişir. Bunu izləmək üçün telluri cihazından istifadə olunur. Tellurini sadə formada evdə və ya məktəbdə də hazırlamaq olar. Bu halda qlobus və lampadan istifadə olunur. Lampanın ətrafına məftil dolamaq və onu qlobusa bərkitməklə bunu etmək olar. Qlobus lampanın ətrafında sərbəst fırlanmalıdır.
Qlobusu mərkəzdə yerləşən Günəşi əvəz edən lampa ətrafında fırlatmaqla onun üzərinə düşən şüaların bucağının dəyişməsini izləmək olur. Bu isə aşağıdakı şəkildə verilən formada dəyişir.