Bu tədris ilində siz yeni bir fənnin öyrənilməsinə başlayırsınız. Bu fənn təbiəti, cəmiyyəti və onların qarşılıqlı əlaqəsini öyrənən coğrafiyadır. Coğrafiyanın inkişafı sayəsində insanların yaşadığı Yer kürəsi və ümumiyyətlə, kainat haqqında bilikləri daim yenilənmiş, çoxalmış, yeni ərazilər kəşf edilmişdir. Bu işdə çoxsaylı səyyahlar, dənizçilər, tacirlər, tədqiqatçılar, alimlər iştirak etmişlər. Buna görə də səyyahlar, dənizçilər və tacirlər ilk coğrafiyaçılar hesab edilir. Onlar quru və su sahələrinə səyahətlər etmiş, gördükləri ölkələr və xalqlar haqqında öz diyarlarına məlumatlar gətirmişlər.
Bu gün də coğrafiya insanların xidmətindədir. Müasir coğrafiya elmi təbii şəraiti və ehtiyatları daha dərindən öyrənir, onlardan daha səmərəli istifadənin yollarını göstərir, yer səthinin, atmosferin, okeanların çirklənməsinin qarşısının alınması istiqamətində bilikləri insanlar arasında yayır.
Siz də dərslikdə verilən məlumatlarla tanış olduqca təbiətdə baş verən hadisə və prosesləri başa düşəcək, bir çox hallarda onları izah etməyi bacaracaqsınız. Bunun üçün mövzuları daha yaxşı mənimsəməli, onlardan nəticə çıxarmağı, xəritələrdən istifadə etməyi bacarmalısınız.
Dərslikdə olan çoxsaylı coğrafi məlumatları öyrənmək üçün atlas, kontur xəritələr, qlobus, kompas kimi ləvazimatların olması vacibdir. İlk növbədə dərsdə verilən mətni öyrənmək, onun əvvəlində və sonunda qoyulan sualları cavablandırmaq tələb olunur. Bunlar əvvəlki dərslərdə və digər fənlərdə əldə etdiyiniz bilikləri yada salmağa, ayrılan dərsi daha yaxşı mənimsəməyə kömək edəcəkdir. Sizə coğrafiyanın öyrənilməsində uğurlar arzulayırıq.
|
Maraqlandırma – bu hissədə şagird mövzu haqqında ilkin
məlumatla tanış olur. Maraqlandırma sualları
Mövzuya aid maraqlı məlumatlar
Mövzu daxilində izah edilən hissələrin möhkəmləndirilməsi
üçün qoyulan suallar və tapşırıqlar. Mövzunu möhkəmləndirmək üçün verilən suallar
Tapşırıqlar – burada xəritə üzərində fəaliyyət, məsələlər,
şəkillər üzərində tapşırıqlar verilir. |