Kainat saysız-hesabsız qalaktikalardan ibarətdir. Onlar boş məkanlarla birbirindən ayrılır. Qalaktika müxtəlif ölçüdə olan və müxtəlif məsafələrdə yerləşən ulduzlar və planetlər sistemidir. Buraya ulduzlar arası məkanlar, burada olan səma cisimləri və dumanlıqlar da daxil olur. Hazırda kosmik fəzaya göndərilən və Yer səthində olan xüsusi aparatlar (teleskoplar) vasitəsilə kainat və onun tərkibinə daxil olan qalaktikalar öyrənilir.
Ulduzlar kainatda saysız-hesabsız olan və geniş yayılmış göy cisimləridir. Onlar qaz şəklində, kürə formasında olur, özündən istilik və işıq saçır. Temperatur, mərkəzdə milyonlarla dərəcə, səthində bir neçə min dərəcə olur.
Günəş Yerə ən yaxın ulduzdur, ətrafında olan planetlər, o cümlədən Yer üçün istilik və işıq mənbəyidir. Qalaktikada Günəşdən bir neçə yüz dəfə böyük və parlaq olan ulduzlarla bərabər ondan kiçik olanlar da mövcuddur. Yer kürəsindən ulduzlara qədər olan məsafələr çox böyük olduğuna görə onlar parıldayan nöqtə kimi görünür.
Qalaktikaya daxil olan ulduzlar qruplar halında yerləşir ki, bunlara bürclər deyilir. Bürclərin çoxuna adları qədim yunanlar vermişlər. Onlara heyvanların (Qoç, Şir) və məişət əşyalarının (Tərəzi, Dolça) adları verilmişdir.
Kainatda olan qalaktikalardan birinə Günəş sistemi daxildir. Günəş sistemi qalaktika adlanan ulduzlar sisteminin toplanmasından təşkil olunmuş “Süd Yolu”nun bir hissəsidir. Süd Yolu gecə səmada geniş tutqun duman zolağı şəklində görünür, digər duman topası qalaktikalarla birlikdə Kainatı əmələ gətirir. Onun qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlumdur. Süd Yoluna "Ağ Yol", "Bizim Qalaktika" və ya "Kəhkəşan" da deyilir.
Fəaliyyət:
|
Ulduzların öyrənilməsi bizə nə verə bilər?
|
Günəş sisteminin mərkəzində onun ən böyük səma cismi olan Günəş yerləşir.
Günəş qızmar, kürə şəkilli, orta ölçülü və orta parlaqlığa malikdir. Tərkibi, əsasən, hidrogendən və digər qazlardan ibarətdir. Daxilində baş verən reaksiyalar nəticəsində çoxlu miqdarda istilik və işıq ayrılır, ətrafa yayılır. Günəşin səthində temperatur 6000°C, mərkəzində 20 000 000°C-dir. Günəş sisteminə, həmçinin, planetlər, onların ətrafında fırlanan peykləri, kiçik planetlər (asteroidlər), kometlər, meteoritlər daxildir. |
Süd yolu
|