|
Xəritələrin tərtib olunması üçün çoxlu sayda informasiyaların toplanması, onların təhlili, nəticələrin alınması tələb olunur. Yer üzərində olan bütün coğrafi obyektləri, təbiətdə baş verən bütün prosesləri xəritəyə köçürmək olmur. Onların sayı çox olduğu kimi, bir çox hadisələrin əhatə etdiyi ərazilər də böyükdür. Əksər hallarda təsvir edilən proses və hadisələr eyni əraziləri əhatə edir. Ona görə də onların bir xəritədə təsvir edilməsi çətinləşir. Bunu nəzərə alaraq, təsvir edilən proses və hadisələri seçmək lazım gəlir. |
Lazım olan xəritələr: 6-11-ci siniflər üçün Atlas və atlasa əlavə olunan kontur xəritələr.
Divar xəritələri: Yarımkürələrin fiziki xəritəsi, Dünyanın siyasi xəritəsi, Azərbaycanın fiziki xəritəsi.
Digər vasitələr: dərslik, coğrafiya dəftəri, rəngli karandaş, xətkeş.
Coğrafiyanın tədrisi prosesində kontur xəritələrdən istifadə etmək mühüm əhəmiyyət kəsb edir. Tədris prosesində əldə edilmiş biliklərin yoxlanılması və möhkəmləndirilməsi üçün belə xəritələrdən istifadə edilir. Kontur xəritələrdə coğrafi obyektlərin yalnız ümumi sərhədləri və çərçivələri göstərilir. Bir çox hallarda bəzi sərhədlər xüsusi olaraq konturlarla verilir. Onlar coğrafiya üzrə praktiki işlərin yerinə yetirilməsi üçün əsas vasitələrdən biridir. Kontur xəritələrlə işləyərkən onun bütün göstəricilərinin dərhal doldurulması vacib sayılmır.
Mövzunun öyrənilməsi prosesində burada adları çəkilən coğrafi obyektlərin uyğun xəritələrdə yerləşdiyi ərazilərin, təbii proses və hadisələrin yayıldığı sahələrin müəyyən edilməsi lazım gəlir. Ona görə kontur xəritələrin işlənməsi zamanı hansı coğrafi obyekt və hadisələrin xəritəyə köçürülməsi dəqiq müəyyən edilməlidir.
Kontur xəritələrlə işləyərkən yuxarıda göstərilən vasitələr və ləvazimatlardan, ilk növbədə uyğun xəritələrdən və dərslikdə olan materiallardan istifadə etmək lazımdır. Yaxşı olardı ki, əvvəlcə adlar qələmlə yazılsın, sonra tələb olunursa, rəngli qələmlərdən istifadə edilsin.
Kontur xəritələrlə işləmək üçün aşağıdakıların nəzərə alınması tövsiyə olunur:
- İlk növbədə kontur xəritənin adı yazılmalıdır.
- Təsvir edilən mövzunun adına uyğun olaraq qəbul edilmiş şərti işarələr, kontur xəritənin xüsusi olaraq ayrılmış yerində yazılmalıdır.
- Tərtib olunan kontur xəritənin çərçivəsi, ölkələrin sərhədləri qeyd edilməlidir.
- Kontur xəritələrin coğrafiya xəritəsi ilə müqayisəli şəkildə işlənilməsi, yazılan coğrafi obyektlərin adlarının düzgünlüyünün yoxlanılması vacibdir.
- Coğrafi adların yerinin düzgün müəyyən edilməsi üçün kontur xəritələrdə meridianlar və paralellərdən istifadə edilməlidir.