|
Xəritələrdə geniş ərazilər təsvir olunduğuna görə, burada məsafələrin ölçülməsi və
istiqamətin təyin edilməsi üçün xüsusi şəbəkə qurulur. Onların dərəcələrlə verilməsi
istifadəni asanlaşdırmaqla yanaşı, dünyanın bütün ölkələrində eyni şəbəkədən istifadəyə
imkan verir. Qlobus və xəritə üzərində belə şəbəkəni meridianlar və paralellərin köməyi ilə
yaratmaq olur.
|
İnsanlar xəritələrdən təsərrüfat fəaliyyətləri zamanı, ayrı-ayrı coğrafi obyektlərin qarşılıqlı vəziyyətini müəyyən etmək üçün istifadə edirlər. Ucsuzbucaqsız Dünya okeanında gəmilərin mövqeyini təyin etmədən hərəkət mümkün deyildir. İstiqamətin müəyyən edilməsi üçün ilk növbədə coğrafi qütblərin yerləşmə vəziyyətini və onlara doğru olan istiqaməti tapmaq lazım gəlir.
Yerin öz oxu ətrafında hərəkəti prosesində coğrafi qütblər sanki fırlanmır və yerində qalır. Yerin Şimal və Cənub coğrafi qütbləri vardır. Şimal coğrafi qütbü Şimal Buzlu okeanının mərkəzində yerləşir. Bura ilk dəfə 6 aprel 1909-cu ildə amerikalı qütb tədqiqatçısı Robert Piri çatmışdır. Cənub coğrafi qütbü Antarktida materikində, onun Sakit okean sahilinə yaxın hissəsində yerləşir. Bura ilk dəfə 14 dekabr 1911-ci ildə Norveç qütb tədqiqatçısı Rual Amundsen, ikinci dəfə 18 yanvar 1912-ci ildə ingilis tədqiqatçısı Robert Skott gəlmişdir.