Xəritələrdə yer səthində olan bütün obyektlər və hadisələr deyil, yalnız xəritənin məzmununa uyğun olan vacib elementlər göstərilir. Məsələn, faydalı qazıntıların yerləşməsi, bitki və ya heyvan növlərinin yayılma arealı verilir.
Xəritələrin yaradılması üçün müxtəlif şərti işarələr və təsvir üsullarından istifadə olunur. Xəritələrdə də məhəllin planında olan şərti işarələr vardır. Bataqlıqlar, qumluqlar, dənizlərin və göllərin sahilləri hər ikisində eyni işarələrlə verilir. Bəzi şərti işarələr xəritələrdə və planda istifadə olunur. Lakin onlar müxtəlif obyektləri təsvir edir. Məsələn, məhəllin planında yaşıl rənglərlə meşələr göstərilirsə, xəritədə bu rənglə 200 m-ə qədər olan hündürlüyə malik düzənlik sahələr göstərilir.
Planda yaşıl rənglə meşə və kolluq sahələr
təsvir olunur.
|
Xəritədə yaşıl rənglə ovalıq
ərazilər təsvir olunur. |
Xəritələr müxtəlif məqsədlər üçün hazırlandığına görə onların məzmunu da müxtəlifdir. Hər bir xəritədə çoxlu sayda şərti işarələrdən istifadə olunur. Plan və xəritədə olan ən mühüm fərqli şərti işarələrdən biri yaşayış məntəqələrinin verilməsidir. Xəritələrdə əhalinin sayından asılı olaraq, yaşayış məntəqələri müxtəlif ölçülü dairələr ilə, planda isə səmadan göründüyü kimi verilir. Bəzən planda küçələr, ayrı-ayrı obyektlər, binalar da göstərilir.
Xəritələrdə müxtəlif obyektlərin təsviri, eyni bir hadisənin müxtəlif dərəcədə olan keyfiyyətini göstərmək üçün rənglərdən, onların müxtəlif çalarlarından istifadə olunur. Eyni zamanda, hərəkət istiqamətini göstərmək üçün oxlar çəkilir. Onlar küləklərin, səyyahların hərəkət istiqamətini göstərmək üçün verilir.